Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Ermənistanın ölkəmizə  qarşı törətdiyi cinayətlərə, xüsusilə mədəni irsimizin və yaşayış məkanlarımızın dağılıb talan edilməsinə həsr olunmuş ingilis dilində qısa film hazırlanıb.

Filmdə 2020-ci ildə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edildiyi və uzun illər Ermənistanın həmin ərazilərdə törətdiyi misli görünməmiş dağıntıların miqyasının ortaya çıxdığı qeyd olunur. Bildirilir ki, vaxtilə azərbaycanlıların yaşadığı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və digər şəhərlər, kəndlər işğal olunduqdan sonra Ermənistan həmin ərazilərdə saysız-hesabsız minalar yerləşdirib və bu günədək minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir.

Bundan başqa, filmdə Ermənistanın Qarabağda Azərbaycan mədəniyyəti və tarixinə məxsus bütün izləri yox etmək məqsədilə oradakı tarixi və mədəniyyət abidələrimizi sistemli şəkildə məhv etdiyi bildirilir. Vurğulanır ki, 67 məsciddən 63-nün dağıdılıb və tikililərin qalıqlarında heyvan saxlanılıb. Filmdə bu cinayətləri göstərən foto və videolar da yer alıb. Ekran işində vurğulanır ki, 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən ümumilikdə 927 kitabxana, 44 məbəd, 473 tarixi abidə, saray və muzey məhv edilib. Sonda Ermənistanın bu dəhşətli cinayətlərə görə cavab verməli olduğu diqqətə çatdırılır.

Qeyd edək ki, “Facebook” və “Twitter” sosial şəbəkələrində geniş yayılan film ABŞ Konqresinin üzvlərinə, xüsusilə ermənipərəst mövqeləri ilə seçilən senator və konqresmenlərə, eləcə də Kaliforniyanın və digər qərb ştatlarının qanunvericilərinə, həmçinin KİV-lərə, dini və etnik icmalara, elm və mədəniyyət xadimlərinə, müxtəlif təşkilatlara göndərilib.

Filmi https://youtu.be/gVAi19YP3mM linki vasitəsilə izləmək olar.