2020-ci ilin Vətən müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaq. Bu Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirdi. Şanlı Ordumuz, igid Azərbaycan oğulları bir saniyə belə tərəddüd etmədən Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətə arxalanaraq doğma Qarabağın erməni təcavüzkarları tərəfindən azad olunması uğrunda döyüşlərə atıldı və ərazi bütövlüyümüzü bərpa etdi.

Xalqımız Azərbaycanın bütövlüyü uğrunda canından, sağlamlığından keçmiş Vətən oğullarını böyük ehtiram hissi ilə yad edir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da ana yurdun bütövlüyü uğrunda fədakarlıq göstərən qəhrəmanların xatirəsini yaşatmaq üçün “Vətəni yaşadanlar” aksiyasını həyata keçirir. Layihə çərçivəsində 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev, İkinci Qarabağ müharibəsinin şəhidləri, Vətən Müharibəsi Qəhrəmanları Vüqar Ağayev və Azər Yusifli haqqında məlumat bülleteni hazırlayıb.

Gənclərin vətənpərvərlik tərbiyəsinə kömək məqsədilə hazırlanan bülleten üç qəhrəman Azərbaycan oğlunun həyatı və keçdikləri şərəfli döyüş yollarından bəhs edir. Bülletendə qəhrəmanlar haqqında geniş məlumatlarla yanaşı, onların haqqında xatirələr, habelə təltifləri, şəxsi və döyüş dönəmini əks etdirən fotoşəkillər və s. yer alıb.

Məlumat bülleteni ilə http://ryl.az/files/veteni_yashadanlar.pdf linki vasitəsilə tanış ola bilərsiniz.