İƏT Təmas Qrupunun nümayəndələri Ağdamda erməni vandalizminin şahidi olublar

İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yaradılmış Təmas Qrupuna daxil olan dövlətlərin daimi nümayəndələri ölkəmizdə səfərdədir. Aprelin 6-da nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Nümayəndə heyətini Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları müşayiət edib.

Əvvəlcə Ağdam şəhərindəki avtovağzal və texniki peşə məktəbinin binalarının qalıqlarına baxış keçirilib. Ağdam şəhər sakini Zülfü Qasımov məlumat verib ki, avtovağzal binası 1991-ci ilin fevralında ermənilərin artilleriya atəşi nəticəsində dağıdılıb. Avtovağzalın yaxınlığındakı peşə məktəbi qabaqcıl təhsil ocaqlarından idi. Erməni vandalları Ağdamdakı bütün binalar kimi peşə məktəbinin binasını da yerlə yeksan ediblər.

Xarici nümayəndələr sonra Ağdam Cümə məscidində ermənilərin törətdikləri barbarlıqla tanış olublar.

Bildirilib ki, məscid 1868-1870-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib. İşğal zamanı dağıntılara məruz qalan məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri məsciddə namaz qılıb, dualar ediblər.

Ağdam şəhərinin viran qoyulmuş mərkəzi küçəsi ilə tanış olan nümayəndə heyətinə məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, ümumilikdə respublikanın inkişaf etmiş şəhərlərindən idi. Burada 15 mindən artıq fərdi yaşayış evi, 31 çoxmərtəbəli bina olub, 42 mindən çox insan yaşayıb. Ağdamda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb, yandırıblar. Vaxtilə Azərbaycanın gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb.

Sonra nümayəndə heyəti Ağdamın I Şəhidlər xiyabanını ziyarət edib. Məlumat verilib ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ermənilər xislətlərinə uyğun olaraq, buradakı qəbirlərin əksəriyyətini qazaraq dağıdıblar.

Sonra səfər iştirakçıları Ağdam şəhərindəki İmarət qəbiristanlığına gəliblər. Məlumat verilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və oğlu İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşudbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir olunub, tövlə kimi istifadə edilib.

Bildirilib ki, məscidlərin, tarixi-memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi təkcə Azərbaycanın deyil, ümumilikdə, dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

“İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləri olaraq 44 günlük müharibədən sonra ilk dəfədir bu ərazilərə səfər edirik. Biz öz gözümüzlə görürük ki, ərazilər hansı vəziyyətdədir”, – bu sözləri Pakistanın İƏT-də daimi nümayəndəsi, səfir Rizvan Səid Şeyx bildirib.

O qeyd edib ki, İƏT hər zaman Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycana siyasi dəstək verib. Pakistan da Azərbaycana öz dəstəyini göstərib: “Ümidvaram ki, artıq sülh bərpa olunur. Bundan sonra yenidənqurma işlərinə start veriləcək. Gələn il İslamabadda İƏT xarici işlər nazirlərinin görüşü keçiriləcək. Həmin görüşdə biz də Təmas Qrupunun üzvləri olaraq gördüklərimiz barədə məruzə ilə çıxış edəcəyik. Belə bir çağırış etmək niyyətindəyik ki, İƏT-ə üzv olan bütün ölkələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi cəhətdən bərpasına kömək etsinlər”.

Ağdama səfərdən sonra İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Gəncə şəhərinə gediblər. Səfərin məqsədi İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın Gəncəyə raket zərbələrinin nəticələri və törədilən müharibə cinayətləri ilə tanış olmaqdır.