Gördüyümüz mənzərə çox ürəkağrıdıcıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizimlə eyni dünyada yaşayan insan məxluqları belə vəhşiliklər törədiblər.

Bu sözləri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İƏT-in mövqeyi əvvəldən bəllidir: “İƏT hər zaman Azərbaycanın torpaqlarını azad etmək hüququnu tanıyıb və bunu ədalətli mövqe kimi qəbul edib. Öz qətnamələrində bunu Azərbaycanın haqqı olaraq tanıyıb. İƏT-ə üzv olan ölkələr Azərbaycana hər zaman siyasi dəstək göstərib. İndi biz bu ərazilərin azad olduğunu görürük. Allaha dua edirəm ki, burada həyatını itirmiş şəxslərə cənnəti nəsib etsin. Eyni zamanda İƏT-ə üzv olan dövlətləri bu ərazilərin yenidən qurulmasına və bərpa işlərinə qatılmağa çağırıram. Ümidvaram ki, onlar dəstək verməyə davam edəcək. Allah bundan sonra da Azərbaycana sülh nəsib etsin. Kifayət qədər görüləsi işlər var. İƏT hər zaman Azərbaycanın yanında olacaq”.