Xalq şairi Xəlil Rza Ulutürk “Səndən başlanır Vətən, Məndən başlanır Vətən” deyirdi. 44 günlük Vətən müharibəsində hər bir zabitimiz, hər bir əsgərimiz bu ali düşüncə ilə mənfur düşmənin üzərinə yeridi. Qəlbi bu duyğuyla döyünən igid oğullarımızdan biri də  Murad Məmmədov idi.

Murad Yusif oğlu Məmmədov 7 dekabr 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. İbtidai təhsilini 23 nömrəli orta məktəbdə alan Murad daha sonra, 10-cu sinfə qədər şəhərdəki Təbiət elmləri təmayüllü gimnaziyada oxuyub. Orta təhsilini 22 nömrəli məktəbdə başa vurub. Sonra 2013-2018-ci illərdə Azərbaycan Texniki Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsində oxuyub.

Ali təhsilini müvəffəqiyyətlə bitirərək hərbi xidmətə yollanır. Hərbi xidmətdən qayıtdıqdan sonra “Azərişıq” ASC-də mühəndis vəzifəsində işə başlayır. Vətən müharibəsi başlayan zaman digər igid oğullar kimi, Murad da döyüşlərə qatılmaq üçün can atır. 2020-ci il oktyabrın 1-də ailəsinə xəbər vermədən könüllü olaraq cəbhəyə yola düşür. Füzuli şəhərinin azad olunmasında iştirak edir. Oktyabrın 25-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Şəhidin atası Yusif Məmmədov qeyd edir ki, Muradla sonuncu dəfə oktyabrın 22-də əlaqə saxlayıb: “Qızım Leyla ali məktəbə qəbul olunmuşdu. Murad bunu eşidəndə çox sevindi. Mənə dedi ki, evdə mənim kredit kartım var. Bacıma o kartla istədiyi telefonu hədiyyə alıb mənim adımdan verərsən. Oktyabrın 23-də Muradla danışa bilmədik. Ayın 24-də mənə mesaj yazdı ki, hər şey yaxşıdı, sadəcə, olduğumuz ərazidə əlaqə zəifdir. Siqnal düzələn kimi əlaqə saxlayacağam. Oktyabrın 26-da axşam saatlarında qardaşım zəng elədi ki, həyətə çıxım. Həyətə düşəndə gördüm ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin işçiləri də burdadır. Qardaşımın üzünə baxanda Muradın şəhid olduğunu anladım...”.

Şəhidin dostu Xaqan Məmmədli: “Murad vətənpərvər, xalqını sevən insan idi. Əmisi Asif Məmmədov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Murad hər zaman ona müharibə haqqında suallar verərdi. Onun üçün Vətən sevgisi hər şeydən önəmli idi. Bunun bariz nümunəsi Vətən müharibəsinə könüllü yollanmağı olub. Allah Murada və bütün şəhidlərimizə rəhmət eləsin”.

Şəhidin qardaşı Nurlan Məmmədov deyir ki, Murad Türkiyənin “Qalatasaray” futbol klubunun çılğın azarkeşi olub: “Mən özüm “Fənərbaxça” klubuna azarkeşlik edirəm. Bir dəfə “Qalatasaray” bizə qalib gələndə iki həftə Muradla küsülü qalmışdıq. Murad şəhid olduqdan bir müddət sonra “Qalatasaray” klubunun vitse-prezidenti Yusuf Günay zəng edərək bizə başsağlığı verdi. Muradın səs yazısının stadionda səsləndiriləcəyini bildirdi və klubun oyunlarının birinə bizləri dəvət etdi”.

Murad vaxtilə “Qalatasaray”a olan sevgisini belə ifadə etmişdi: “Futbol sevgisi deyil bu, “Qalatasaray” sevgisidir. Bu da bitəcək bir şey deyil. Mənimlə qəbir evinədək gedəcək...”.

Murad Məmmədov oktyabrın 27-də Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun.

NURƏDDİN