Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan gizir Cəlal Ağaverdi oğlu Ağayev Lerik rayonunun Kornadi kəndində boya-başa çatmışdı. Elin igid oğlu 2001-ci ildə kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdı. Nümunəvi xidmətə görə dəfələrlə təltif edilmişdi.
Qarabağın azadlığı uğrunda tarix yazan Cəlal ölümündən sonra “İgidliyə görə” və “Vətən uğrunda” medallarına layiq görülüb.
Lənkəran Regional Mədəniyyət İdarəsinin kollektivi şəhidin məzarını ziyarət edib, ailəsinə baş çəkib. Söhbət əsnasında bir daha bildirilib ki, torpaq uğrunda şəhid olanları xalqımız qəlbində yaşatmaqla həmişə layiqli vətəndaş kimi xatırlayacaq.
Şəhidin atası Ağaverdi Ağayev mədəniyyət işçisidir. Uzun illərdir bu sahədə çalışır. Öz nümunəvi işi, xeyirxah əməlləri ilə rayonda hörmət sahibidir. Övladlarının qəlbində də vətəninə, xalqına məhəbbət hissləri yarada bilib. Deyir ki, oğlum Vətən yolunda şəhid olduğu üçün qürur duyuram və bizim çox qüdrətli dövlətimiz var. Belə bir ölkənin vətəndaşı olmağın özü böyük xoşbəxtlikdir.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü