Aprelin 7-də ilk satira-karikatura jurnalımız olan “Molla Nəsrəddin”in nəşrə başlamasının 115 ili tamam olur.

Böyük ədib Cəlil Məmmədquluzadə redaktorluğu ilə nəşr olunan “Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatının və çoxəsrlik ədəbiyyatımızın mühüm bir istiqamətini təşkil edir. 25 ilə yaxın (1906-1931, fasilələrlə) ömrü olan, zamanın sınağından qalibiyyətlə çıxan, çağdaş dövrümüzdə də öz əhəmiyyətini və unikallığını qoruyub saxlayan “Molla Nəsrəddin” müsəlman Şərq dünyasında ilk rəngli, karikaturalı satirik jurnal kimi öz adını Azərbaycan milli mətbuatının salnaməsinə yazıb. Azərbaycan satirik mətbuatının zirvəsi olan jurnal mollanəsrəddinçilər ədəbi nəslinin ölməz irsinin tanıdılması və təbliğində də mühüm rol oynayıb.  “Molla Nəsrəddin” jurnalının genii şöhrət qazanmasında onun yığcam, lakonik publisistik yazıları, satirik poeziya nümunələri ilə yanaşı, karikaturaları da mühüm rol oynayıb.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Molla Nəsrəddin – 115” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar yazılmış kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://anl.az/el/vsb/Molla_Nesreddin_115/index.htm