Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yaradıcı kollektivinin üzvləri – Sevil Hacıyeva və Ayan Eyvazova mədəniyyət və incəsənət sahəsində  “Humay-2021” mükafatına layiq görülüblər. Bu barədə teatrdan məlumat verilib.

Teatrın baş xormeysteri, Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva “Teatr” nominasiyasında milli opera və xor sənəti sahəsində uzunmüddətli fəaliyyətinə və qazandığı uğurlara görə mükafatlandırılıb. Sevil Hacıyeva 20 ildən artıqdır teatrda çalışır və repertuarda olan klassik və milli opera tamaşalarının xormeysteridir.

“Humay” mükafatına  layiq görülən Ayan Eyvazova teatrın balet truppasının aparıcı solistidir. O, bir çox balet tamaşalarında əsas rolları uğurla ifa edib. 2014-cü ildə Almaniyada keçirilən balet artistlərinin beynəlxalq müsabiqəsinin bürünc mükafatçısıdır.