Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi Kompleksində MDB-nin sərgi-yarmarka və konqres fəaliyyəti üzrə Dövlətlərarası Şurasının iclası keçirilib.

İclasda Azərbaycanın Rusiyadakı Ticarət nümayəndəliyinin rəhbəri Ruslan Əliyev, Rusiyadakı səfirliyimizin iqtisadi məsələlər üzrə müşaviri Orxan Hacıyev, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun (ticarət-sərgi mərkəzi) direktoru Səadət Qədirova iştirak ediblər.

İclasda MDB-nin sərgi-yarmarka və konqres fəaliyyəti üzrə Dövlətlərarası Şurasının 2020-ci ildə gördüyü işlərə yekun vurulub. Dövlətlərarası Şuranın icraçı direktoru Lyudmila Rusinova planın icrası barədə məlumat verib. 2021-ci il üçün birgə fəaliyyət planı və tədbirlər siyahısı təsdiqlənib.

Sonra tədbir iştirakçıları MDB ölkələrinin pavilyonları ilə də tanış olublar.

Qeyd edək ki, Azərbaycan pavilyonu fəal iş aparır. Pavilyonun ərazisində hər həftə konsertlər və maarifçilik tədbirləri, sərgi və ekspozisiyalar təşkil olunur. Pavilyonu ziyarət edənlər burada Azərbaycanın mədəniyyəti və ənənələri ilə tanış ola, sənədli və elmi filmləri izləyə, Azərbaycan istehsalçılarının məhsullarının təqdim olunduğu ticarət zonasını ziyarət edə bilərlər.