Aprelin 9-da Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev Azərbaycan Milli Kitabxanasında olub. Ə.Xocayev Türk Şurası ölkələri informasiya və media üzrə məsul şəxslərinin toplantısında iştirak etmək üçün Bakıya gəlib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağı səmimiyyətlə qarşılayaraq ona kitabxana haqqında ətraflı məlumat verib.

İki ölkə arasında sıx əlaqələrin kitabxana sahəsində də davam etdirilməsinin vacibliyini vurğulayan Kərim Tahirov qeyd edib ki, Milli Kitabxanada keçirilən beynəlxalq sərgi və konfranslarda Özbəkistandan nümayəndələr daim böyük məmnuniyyətlə iştirak edirlər. Təsadüfi deyil ki, 2019-cu ildə Milli Kitabxanada açılışı olan Beynəlxalq əməkdaşlıq zalında Özbəkistanın tarixinə, ədəbiyyatına, mədəniyyət və incəsənətinə dair guşə də var. Zalda Özbəkistanın Milli Kitabxanası ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür. Kərim Tahirov yaxın zamanlarda Özbəkistan Milli Kitabxanasında da Azərbaycana dair belə bir guşənin açılacağına ümid etdiyini deyib.

Əsədcan Xocayev Kərim Tahirova təşəkkürünü bildirib və Milli Kitabxanada olmaqdan məmnun olduğunu ifadə edib. O, Azərbaycan və Özbəkistanın ortaq mədəniyyətə sahib olması, iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı kitab, qəzet və jurnal mübadiləsinin əhəmiyyətindən söz açıb.

Görüş zamanı Azərbaycan Milli Kitabxanası ilə Özbəkistan Milli Kitabxanası arasında 2008-ci ildə imzalanmış əməkdaşlıq haqqında memorandumun yenilənməsinin vacibliyi də vurğulanıb. Yenilənmiş sənədin şərait imkan verdiyi təqdirdə Bakıda və ya Daşkənddə və yaxud da onlayn şəkildə imzalanmasını məqsədə uyğun hesab edilib.

Kərim Tahirov qonağa Mədəniyyət Nazirliyi və Milli Kitabxananın Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi barədə də məlumat verib. Bildirib ki, bu layihə üzrə dünya milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəvi irsinə dair qiymətli əlyazmaların rəqəmsal surətləri də Milli Kitabxanaya gətirilir.

Kərim Tahirov Nizami Gəncəvi İli”ndə böyük şairin əsərlərinin Özbəkistan Milli Kitabxanasında olan əlyazmalarının rəqəmsal sürətlərinin əldə edilməsində köməklik göstərilməsini xahiş edib. Əsədcan Xocayev məmnuniyyətlə bu məsələdə öz dəstəyini göstərəcəyini deyib.

Görüşün sonunda Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan xalçaları dünya kolleksiyalarında” (Azərbaycan və ingilis dillərində) kitablarını və “Azərbaycan filmləri” CD-sini qonağa hədiyyə edib. Əsədcan Xocayev Özbəkistana dair iki kitabı Milli Kitabxananın fonduna bağışlayıb.

Görüşdən sonra Əsədcan Xocayev Milli Kitabxananı Nadir kitablar və kitabxana muzeyi şöbəsi, Beynəlxalq əməkdaşlıq zalı ilə tanış olub.