Respublika Gənclər Kitabxanasının “Unudulan sənətkarlar” layihəsi

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası unudulmuş sənətkarların yenidən gündəmə gətirilməsi, onları gənc nəslə tanıtmaq məqsədilə “Unudulan sənətkarlar” adlı layihə həyata keçirməyə başlayıb.

Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin çox istedadlı, lakin az yada salınan, bəzən unudulan simaları haqqında videoçarxlar hazırlanır. Mərhum rəssam, aktyor Elçin Məmmədov, gözəlliyi ilə yüzlərlə insanın qəlbini fəth etmiş aktrisa İnarə Quliyeva, bənzərsiz səsə malik aktyor Müxlis Cənizadə, kiçik rolların məharətli ifaçısı Məmmədsadıq Nuriyev və başqa sənətkarlar haqqında videoçarxlar ərsəyə gətirilib.

Videomaterialların hər birində bu və ya digər kino ustasının həyat və yaradıcılığı, sənətə gəlişi, bu sənətdə qazandığı uğurları və sonrakı taleyi haqqında məlumat verilir. Videoçarxlarda səsli məlumatlarla yanaşı, aktyorların yer aldıqları filmlərdən parçalar da nümayiş etdirilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan videoçarxlar belə sənət adamlarının böyüməkdə olan gənc nəslə tanıdılması üçün çox faydalı bir materialdır.

İstifadəçilər “Unudulan sənətkarlar” layihəsi üzrə hazırlanan videomaterialları kitabxananın sosial şəbəkə səhifələrindən izləyə bilərlər.