NASA (ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası) “İngenuity” mini helikopterinin Mars planetində ilk uçuş cəhdini həyata keçirməyi planlaşdırır.

Bu, tarixdə Yer kürəsi hüdudlarından kənarda ilk uçuş olacaq. Aprelin 11-dək gerçəkləşəcək “İngenuity” helikopterinin uçuşu qurumun saytında və sosial şəbəkələrdə yayımlanacaq.

Helikopter fevralın 18-də Marsda gəzən aparat (“Perseverance”) vasitəsilə Ezero kraterinə gətirilib. “Perseverance” uçuş zamanı ona dəstək təmin edəcək, fotoşəkillər çəkəcək, ətraf mühit barədə məlumat toplayacaq və helikopterlə Yerdəki missiyanın dispetçerləri arasında əlaqə saxlamağa imkan verəcək baza stansiyası quracaq.

İlk uçuş zamanı mini helikopter Mars planeti səthindən üç metr hündürlüyə qalxmalıdır.

Qeyd edək ki, “İngenuity” helikopterinin fəaliyyəti 31 gün müddətinə nəzərdə tutulub. O, “qırmızı planet”də uçuşlar zamanı ətraf ərazinin fotoşəkillərini çəkməlidir.