“Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı və 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə keçirilir.

“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusuna həsr olunan müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəsildə idmana olan marağı artırmaq, idmanın hər kəs üçün vacib olduğunu cəmiyyətə çatdırmaq, uşaqlarda tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların idmanla bağlı çəkdikləri rəsm əsərlərində bu mövzu ilə əlaqədar maraqlı fikir və düşüncələrini bilmək, gənc istedadları üzə çıxarmaqddır.

Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 4 mərhələdə keçirilir. I mərhələ 15 mart – 15 aprel tarixini əhatə edir. Bu zaman müsabiqə ilə bağlı dəvət göndərilir. II mərhələ aprelin 15-dən oktyabrın 30-dək baş tutacaq. III mərhələ oktyabrın 30-dan noyabrın 30-dək keçiriləcək. İşlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. IV mərhələdə müsabiqənin yekunu ilə bağlı sərgi keçiriləcək və qaliblər mükafatlandırılacaq.

Müsabiqədə respublikamızın ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri, eləcə də müxtəlif ölkələrin məktəbliləri iştirak edə bilərlər. Rəsmlərin işlənmə texnikasında (rəngkarlıq, qrafika , kollaj və s.) sərbəstlik verilir. Rəsmlərin formatı 60X40 sm ölçüdə olmalı, çərçivəyə salınmamalıdır. Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər  Müsabiqəyə qatılan təhsil müəssisəsindən hər yaş kateqoriyası üzrə bir rəsm işi qəbul ediləcək. İdman və ətraf mühit, idman və sülh, idman və texnologiya, idman və mədəniyyət, idman və dostluq kimi mövzularda rəsmlər göndərilməlidir.

Müsabiqə ilə bağlı (012) 498 39 23; (012) 498 39 17; (050) 391 47 06 telefon nömrələri ilə əlaqə saxlamaq olar.