Türkiyənin “Bengü Türk” kanalında telejurnalist həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu “Azərbaycan rüzgarı” proqramı bu həftə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin (1921-2002) anadan olmasının 100-cü ildönümünə həsr olunub.

Proqramın qonağı olan Azərbaycanın Əməkdar rəssamı, Yedditəpə Universitetinin Rəssamlıq bölümünün müəllimi, professor Teymur Rzayev müəllimi Mikayıl Abdullayevlə bağlı xatirələrini bölüşüb.

Verilişdə Mikayıl Abdullayev haqqında qısa süjet göstərilib, əsərləri barədə məlumat verilib. Rəssamın yaradıcılığında mühüm yer tutan Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinə, xüsusilə Nizami Gəncəvinin poemalarına çəkdiyi illüstrasiyalardan bəhs olunub.

Proqramda həmçinin mart ayında TÜRKSOY-un təşkilatçılığı ilə Ankara və İstanbulda Mikayıl Abdullayevin 100 illiyi münasibətilə keçirilən sərgilərdən danışılıb. Xatırladaq ki, həmin tədbirlərdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak etmişdi.

Görkəmli rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi “Qarabağda isti bir gün” tablosunun şəxsi kolleksiyasında yer aldığını deyən Teymur Rzayev bu əsəri həmin tədbirlərdən birində mədəniyyət naziri Anar Kərimova təqdim etdiyini deyib. Rəssam ustadının bu əsərini Qarabağın baş şəhəri Şuşada açılacaq sənət muzeyində  sərgilənməsi üçün hədiyyə etdiyini vurğulayıb.

Mehparə SULTANOVA
Ankara