Türkdilli ölkələrin müstəqilliyinin 30 illiyinə həsr olunacaq

Aprelin 9-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Ankaradakı qərargahında “Dunaydan Orhuna İpək Yolu rallisi” mövzusunda toplantı keçirilib.

TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən toplantıda quruma üzv ölkələrin Türkiyədəki diplomatik nümayəndəliklərinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Baş katib Düsen Kaseinov, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, “Doğu-Batı Dostluq və Barış Rallisi Dərnəyi”nin rəhbəri Nadir Serin mövzu ilə bağlı çıxışlar ediblər.

Diqqətə çatdırılıb ki, “Doğu-Batı Dostluq və Barış Rallisi Dərnəyi”nin təşkil etdiyi ənənəvi avtomobil yürüşü bu dəfə türkdilli ölkələrin müstəqilliyinin bərpasının 30-cu ildönümü şərəfinə gerçəkləşəcək. Mövcud pandemiya səbəbindən ralli gələn ilə planlaşdırılır.

TÜRKSOY-un dəstəyi ilə 2022-ci ilin ikinci yarısında gerçəkləşməsi nəzərdə tutulan “Dunaydan Orhuna İpək Yolu rallisi” layihəsi üzrə hərəkət edəcək avtomobil karvanı Almaniyadan start götürərək Avstriya, Macarıstan, Serbiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Özbəkistan və Qırğızıstandan keçməklə Monqolustanda yerləşən qədim türk daş kitabələri – Orhun abidələri yanında sonra çatacaq.

Düsen Kaseinov vurğulayıb ki, 15 ildir ənənəvi olaraq düzənlənən Doğu-Batı (Şərq-Qərb) dostluq və barış rallisinin növbəti layihəsinin TÜRKSOY ölkələrini əhatə etməsi və marşrutun “Türk dünyası mədəniyyət paytaxtları” nəzərə alınaraq hazırlanması həm ölkələrimizin, həm də şəhərlərimizin dünyaya tanıdılmasına daha bir töhfə olacaq.

Qeyd olunub ki, layihənin məqsədi dostluğu, qardaşlığı, mehriban qonşuluğu və mədəniyyəti tərənnüm və təbliğ etməkdir.

Mehparə SULTANOVA
Ankara