150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının ilk nəşri – Avstriya yazıçısı, əsərləri ilə XX əsr dünya ədəbiyyatında yeni mərhələ yaratmış Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, “Hekayələr”, “Pritçalar”, “Gündəliklər”, “Xatirələr” “Romanlar” kimi fəsillərdən ibarət kitaba yazıçının orijinaldan tərcümə edilmiş “Hökm”, “Çevrilmə”, “Yuva”, “Bir savaşın təsviri”, “Ocaqçı”, “Bədbəxtlik”, “Cəza koloniyası”, “Balaca qadın”, “Kənd həkimi”, “Müğənni Jozefina” kimi məşhur hekayələri, “Körpü”, “Çalağan”, “Yuxu”, “İmtahan”, “Qaçış”, “Qonşu”, “Gecə”, “Poseydon” və digər pritçaları, “Məhkəmə”, “Qəsr” romanları, gündəlik və müsahibələri daxil edilib.

Əsərləri alman dilindən tanınmış tərcüməçilər Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Yusif Savalan və digərləri tərcümə edib. Kitabın tərtibçisi Mahir N.Qarayevdir.