Yarım əsrlik tarixi olan “Mozalan” satirik kinojurnalı yenidən efirə qayıdıb.  “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Mozalan” uzun bir fasilədən sonra, 50-ci ildönümündə aprel ayından başlayaraq teleekranda yayımlanacaq.

Kinojurnal Azərbaycan Televiziyası efirində aprelin 12-də təqdim olunub.

Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı dirçəltmək barədə qərar qəbul olunub. İlkin mərhələdə “Mozalan” studiyasında son 5 ildə çəkilən və heç bir televiziyada göstərilməyən çarxlar nümayiş olunacaq. Bu buraxılışların aprel və may aylarında yayımlanması nəzərdə tutulub. Paralel olaraq iki ay ərzində yeni çarxların çəkilişləri də aparılacaq.

Yeni çarxlar Mədəniyyət Nazirliyinin və AzTV-nin birgə layihəsi əsasında çəkiləcək. İlkin mərhələdə çəkiləcək 8 videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, “Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir. Gələcəkdə çəkilişlərə başqa ssenaristlərin də cəlb olunması planlaşdırılır. “Mozalan”nın ənənəsinə uyğun olaraq çarxların rejissorları da dəyişəcək.

Xatırladaq ki, “Mozalan” satirik kinojurnalı “Azərbaycanfilm”in nəzdində 1971-ci ildə yaradılıb. Kinojurnalın məqsədi neqativ hallara qarşı mübarizə aparmaq, sənədli və bədii süjetlərdə ictimai çatışmazlıqları satira dili ilə xalqa çatdırmaq olub.