“Debüt” Film Studiyası gələcəyini kino sahəsində görən gənclər üçün fürsət təqdim edir. Kino sənayesinin qapılarından içəri keçməyə hazırsan? Deməli, “INTERNact!” layihəsi sənin üçündür.

Adətən, kino sahəsinə daxil olmaq üçün əsas tələblərdən biri təcrübədir. “Debüt” Film Studiyası bu tələbi ən qısa zamanda qarşılamaq üçün Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən INTERACT kino tədrisi laboratoriyası çərçivəsində “INTERNact!” təcrübə proqramına start verib.

Layihənin məqsədi film sənayesində çalışa biləcək gənc mütəxəssislər hazırlamaqdır.  Proqram aprel ayında, çəkiliş meydançasında ilkin biliklərin öyrədilməsi ilə başlanacaq. Növbəti mərhələdə isə, may ayından başlayaraq, gənclər həm milli, həm beynəlxalq qısa və tammetrajlı film çəkilişlərində təcrübəçi olaraq işə başlayacaqlar.

Ölkədə COVİD-19 pandemiyası vəziyyətindən asılı olaraq zamanla bağlı müəyyən dəyişikliklər yarana bilər.

Layihəyə dəvət olunan gənclərin çəkiliş meydançasındakı fəaliyyəti nədən ibarət olacaq?

Gənclər kino karyeranın ilk addımlarını 4 əsas istiqamətdə atacaqlar. “Rejissor”, “Prodüser”, “Kamera və işıq”, “Rəssam” departamentlərində təcrübəçi-assistent kimi çalışaraq həm praktiki biliklər qazanacaq, həm də bu sahənin ən yaxşı mütəxəssisləri ilə əlaqə qura biləcəklər.

Layihədə iştirak ödənişsizdir. İştirak etmək istəyənlərdən yalnız kinoya sevgi, film sənayesində işləmək həvəsi və aşağıda qeyd edilən minimal tələblərə cavab vermək gözlənilir.

Müraciət üçün motivasiya məktubu, CV və görülmüş işlərdən nümunələr  tələb olunur. Həmçinin hər hansı yazılı nümunələr, vizual işlər və s. qəbul edilir.

Maksimum 200 sözdən ibarət motivasiya məktubunda öz məqsədini qeyd edib, “Niyə məhz sən?” sualını cavablandırmaq lazımdır.

Bütün bunlarda özünü tanıdınsa və bu iş üçün ideal namizəd olduğunu düşünürsənsə, qeydiyyatdan (https://forms.gle/nLQxqVtpjGPjzfbs7) keçib layihəyə qatıl.

Qeydiyyat üçün keçid:

https://debutfilms.az/interact

Müraciətlər aprelin 15-dək qəbul olunur.