Biz məcburi köçkünləri ən qısa müddətdə geri qaytarmaq istəyirik. Onlar uzun müddət bunun üçün gözləyiblər, ancaq ən böyük problem minalardır. Ermənistanda mina xəritələrinin olduğunu bilməyimizə baxmayaraq, onlar mina xəritələrini bizə vermədi.

Prezident İlham Əliyev bu sözləri aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, müharibə bitəndən sonra 20 mülki şəxs minaya düşərək həyatını itirib: “Bu, başqa bir müharibə cinayətidir. Axı müharibə bitib, niyə bizə mina xəritələrini vermirsiniz? Beləliklə, biz o əraziləri minalardan təmizləyə bilərdik. Mina təmizləməsi çox uzun prosesdir, çox vaxt alır”.

Prezident ikinci vacib məsələ kimi dəymiş zərərin qiymətləndirilməsini qeyd edib: “Çünki biz Ermənistanı törətdikləri bütün bu dağıntılara görə beynəlxalq hüquq qurumlarında məhkəməyə verməyi planlaşdırırıq. Buna görə də bütün bu xarabalıqları və dağıntıları sənədləşdiririk, hər tikili üçün xüsusi pasport yaradırıq ki, tarixdə olduğu kimi qalsın. Və əlbəttə, infrastrukturun qurulması prosesi. Çünki biz insanları düzün ortasında qoya bilmərik. Orada yaxşı yaşayış standartları olmalıdır və biz artıq layihələrə başlamışıq. Mən artıq müxtəlif tərəfdaşlarla söhbətlərimdə bizi şəhər planlaması, kənd planlaması ilə bağlı ideyalarla təmin edə biləcək şirkətləri cəlb etmək üçün bu məsələni qaldırmışam”.

Prezident qeyd edib ki, bu səbəbdən məcburi köçkünlərin hamısının nə vaxt qaytarılacağını demək çətindir, lakin onlar mərhələlərlə geri qaytarılacaq: “Böyük ehtimalla qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn, Ağdam, Füzuli, Cəbrayılda xətlər, elektrik, su çəkmək daha asandır və yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda biz Laçında hava limanı inşa etməyi düşünürük. Həmçinin Kəlbəcərə yol çəkilir... Beləliklə, dəqiq vaxt demək mənə çətindir, amma bu iş mərhələlərlə aparılacaq. Ümid edirəm, gələn ildən başlayaraq ilk məcburi köçkünlər artıq öz torpaqlarına qaytarılacaq”.