Xəbər verdiyimiz kimi, aprelin 7-də UNESCO İcraiyyə Şurasının 211-ci sessiyası işə başlayıb. Parisdə, qurumun mənzil-qərargahında videokonfrans formatında keçirilən sessiya aprelin 21-dək davam edəcək.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev aprelin 13-də sessiyada çıxış edib.

Elman Abdullayev çıxışında  Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz ilə yaxın davam edən işğalına son qoyulmasından sonra  bu ərazilərdəki vəziyyət barədə danışıb.

“Təəssüf ki, erməni işğalının nəticələri dağıdıcıdır. İşğal dövründə, demək olar ki, bütün tarixi, mədəni və dini abidələr məhv edilib. Bu günə qədər minlərlə abidədən 400-dən çoxunun məhv edildiyi müəyyənləşdirilib. Azərbaycana məxsus mədəni və dini əmlak talan edilib, dağıdılıb, dəyişdirilib və qanunsuz olaraq Ermənistana aparılıb. Bu, 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokolunun, eləcə də 1970-ci il Konvensiyasının açıq şəkildə pozulmasıdır”, - deyə o vurğulayıb.

Bildirib ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri Şuşa şəhərini “İsgəndər” ballistik raketləri ilə hədəfə alıb. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır və UNESCO-nun Dünya irsinin ilkin siyahısına daxil edilib: “Çox sayda mədəni və dini abidələri olan Şuşaya ballistik raketin atılmasını Ermənistanın baş naziri özü etiraf edib.

Bu, açıq hərbi cinayətdir və 1954-cü il Haaqa Konvensiyasının və İkinci Protokolunun açıq şəkildə pozulmasıdır. Ermənistanda ən yüksək səviyyədə etiraf edilən bu düşmənçilik hərəkəti açıq şəkildə Ermənistan hökumətinin mədəni və dini dəyərlərə qarşı sərt yanaşmasını əks etdirir. Bu hərəkətlərdən məsul olanlar ədalət məhkəməsində mühakimə olunmalıdırlar.

Müstəqil texniki missiya tərəfindən Azərbaycanın mədəni irsinə vurulmuş misilsiz ziyanın qiymətləndirilməsi Azərbaycan Hökuməti üçün prioritetdir və 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokolu əsasında texniki və tamamilə siyasiləşdirilməmiş bu missiyanın zəruri parametrlərini hazırlamaq üçün UNESCO ilə sıx əməkdaşlıq edirik”.

Daimi nümayəndə diqqətə çatdırıb ki, Ermənistan danışıqlar prosesini yayındırmağa və ondan beynəlxalq birliyi çaşdırmaq üçün siyasi vasitə kimi istifadə etməyə çalışır. Missiyanı siyasiləşdirmək cəhdləri və mədəni irslə bağlı hər hansı digər məsələlər bu missiyanın uğurla həyata keçirilməsi istiqamətində UNESCO-Azərbaycan birgə səylərini təhlükə altına qoya bilər.

Qeyd edib ki, Azərbaycanın azad edilmiş ərazilərinə texniki missiya göndərilməsi ilə bağlı bəzi nümayəndələrin dəstəyini yüksək qiymətləndiririk.

“Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini olmasından asılı olmayaraq, Azərbaycan xalqının mədəni müxtəlifliyini əks etdirir”, – deyə E.Abdullayev  bildirib.

Daimi nümayəndə Ermənistanın hələ də mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsi məsələsinə də toxunub. Qeyd edib ki, bu, hökumətimizin bərpa işlərini həyata keçirməsinə mane olur, mülki şəxslərin doğma yurdlarına qayıtmasını gecikdirir və təhlükəsizlik narahatlıqlarına görə azad edilmiş ərazilər daxilində səyahətləri məhdudlaşdırır. Mina partlayışları nəticəsində onlarla insan ölüb, çox sayda yaralı var.

E.Abdullayev koronavirusun doğurduğu problemlərdən də söz açıb: “Artıq ikinci ildir ki, COVİD-19 pandemiyası cəmiyyət üçün böyük təhlükə yaratmaqda davam edir və yaşayışımıza dağıdıcı təsir göstərir. Bu pandemiya sanitar böhrandan daha böyükdür və onun yaratdığı çətinliklərin öhdəsindən birgə gələ bilərik. Azərbaycan UNESCO-nun təşəbbüslərini dəstəkləyir və müxtəlif beynəlxalq platformalar daxilində COVİD-19 ilə fəal şəkildə mübarizə aparır”.