Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəb paytaxtın qocaman təhsil ocağıdır.
1894-cü ildə xalqının maarifpərvər və mesenat oğlu H.Z.Tağıyevin tikdirdiyi məktəb imkansız ailələrdən uşaqlar üçün ikisinifli bağçılıq məktəbi kimi fəaliyyətə başlayıb. 1920-ci ildən 1941-ci ilə kimi məktəb dördillik ibtidai məktəb kimi fəaliyyət göstərib. 1941-1945-ci illər müharibəsi dövründə məktəbin binasında hərbi hospital yerləşib. Müharibədən sonra səkkizillik məktəbə çevrilib, 1978-ci ildən onillik (hazırda onbirillik) tam orta məktəb kimi fəaliyyət göstərir.
Ölkə başçısının tapşırığı ilə əsaslı təmir olunan məktəbdə təhsil alan şagirdlər yüksək savad almaqla bərabər, həm də vətənpərvər ruhda böyüyürlər.
1992-1994-cü il Birinci Qarabağ müharibəsində məktəbin məzunlarından İsgəndərov Şahin Əliqulu oğlu, Əliyev Əliabbas Adil oğlu, Cəfərov Rafail Baba oğlu qəhrəmancasına vuruşaraq şəhid olub. 2016-cı ilin Aprel döyüşlərində məktəbin məzunu Şirəliyev Kamran Faiq oğlu şəhidlik zirvəsinə ucalıb. 2020-ci ilin 44 günlü İkinci Qarabağ müharibəsində Abdullayev Qasım Əli oğlu və Nehmətov Ceyhun Ehtiqad oğlu işğal altında olan torpaqlarımızın mənfur düşmənlərindən azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olublar.
123 saylı məktəbin kollektivi şəhid məzunları ilə qürur duyur, onların xatirəsini əziz tutur. Məktəbdə şəhidlər üçün guşə yaradılıb. Onların qəhrəmanlığı məktəbin şagirdləri üçün həyat örnəyidir.