AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda 2024-cü ildə arxeoloji çöl tədqiqatlarında və institutun ictimai həyatında fəallığı ilə seçilmiş bir qrup gənc mükafatlandırılıb.

Bu barədə institutdan məlumat verilib. Tədbirdə bildirilib ki, institut rəhbərliyinin əsas fəaliyyət prioritetlərindən biri Azərbaycanda arxeologiya və antropologiya sahəsinə gənclərin cəlb edilməsi, elmi biliklərin və təcrübənin artırılması üçün çöl-tədqiqatlarında onların iştirakının təmini, eyni zamanda, institutun ictimai həyatında onların fəallığı üçün şəraitin yaradılmasıdır. Bu baxımdan gənclərin elmi-tədqiqat işlərində və ictimai həyatda fəallığının layiqincə qiymətləndirilməsi və mükafatlandırılması əsas stimullardan biridir.

İnstitutun direktoru dosent Fərhad Quliyev diqqətə çatdırıb ki, bu il gənc əməkdaşların bir hissəsi çöl tədqiqatlarında xüsusi fərqlənib, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində fəaliyyət göstərən elmi ekspedisiyaların tərkibində fəallıq nümayiş etdiriblər. Onlar Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin bir çox bölgələrində aparılmış beynəlxalq arxeoloji qazıntılarda aktiv iştirak ediblər. Növbəti illərdə gənclərin institutun elmi tədqiqatlarında və ictimai həyatında fəal iştirakının artacağına ümidvar olduğunu bildirən F.Quliyev onlara inandığını və həmişə dəstək olacağını ifadə edib.

Tədbirdə qeyd edilib ki, ilin nəticələri ilə əlaqədar elmi-tədqiqat və ictimai fəaliyyət sahəsində fərqlənmiş gənclərə təşəkkürnamələrlə yanaşı, institutun büdcədən kənar vəsaiti hesabına pul mükafatları da təqdim edilib. İnstitut rəhbərliyi müəssisənin imkanları hesabına qarşıdakı illərdə fərqlənən gənc əməkdaşların mükafatlandırılması işinin davam etdirilməsini, həmçinin onların xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və elmi təkmilləşmə proqramlarında iştirakının maliyyələşdirilməsini nəzərdə tutub.

Sonda 2024-cü il ərzində arxeoloji çöl tədqiqatlarında xüsusi fərqlənmiş və institutun ictimai həyatında fəallığı ilə seçilmiş institutun əməkdaşlarına təşəkkürnamələr təqdim edilib.