Zəngin tarixi ənənəyə malik olan aşıq sənətinə yeni məzmun qazandırmış, Azərbaycanın mədəniyyət xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin 200 illiyi ölkə başçısının müvafiq sərəncamı ilə geniş şəkildə qeyd olunacaq.
Yubileylə bağlı Azərbaycan Aşıqlar Birliyində (AAB) də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, qurumda yubiley hazırlıqlarına hələ ötən ilin sonlarından başlanılıb. Bu istiqamətdə növbəti layihə kimi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab nəşrə hazırlanır. Kitabda ustad sənətkar haqqında yaradılmış 10-dan yuxarı dastan-rəvayət yer alacaq. Dastan-rəvayətlər zamanında Talıb Ələsgəroğlu, Hüseyn Saraçlı, İmran Həsənov, Mahmud Məmmədov, Fətulla Göyçəli və Hacı Bayramov kimi ustad aşıqlardan toplanılıb.
Kitabın tərtibçiləri Əməkdar elm xadimi, AAB-nin sədri, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır. Kitab yaxın günlərdə geniş oxucu kütləsinə və elmi ictimaiyyətə təqdim olunacaq.