Azərbaycan dilçilik elminin yaranması və inkişafına töhfələr verən alimlərimizdən biri də akademik Məmmədağa Şirəliyev olub. Onun tədqiqatlarında Azərbaycan dilinin dialekt və şivələri, müasir dil, dil tarixi, ədəbi dil, etimologiya, üslubiyyat və s. problemlər hərtərəfli elmi şərhini tapıb.
Məmmədağa Şirəli oğlu Şirəliyev 13 sentyabr 1909-cu ildə Şamaxı şəhərində dünyaya göz açır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərq fakültəsinin dilçilik şöbəsinə qəbul olunur. 1931-ci ildə təhsilini başa vurur və iki il təyinatla Ağdam rayonunda dil-ədəbiyyat müəllimi işləyir. Ancaq o, Azərbaycan dilinin dərindən öyrənilməsi haqqında düşünür, bu istiqamətdə daha yaxşı təhsil almaq istəyirdi. 1933-cü ildə dilçilik ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) aspiranturasına daxil olur, dialektologiya sahəsində araşdırmalara başlayır. Onun 1941-ci ildə namizədlik dissertasiyası kimi təqdim etdiyi “Bakı dialekti” araşdırması Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirilir, ona birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsi verilir. Sonrakı illərdə alimin bu fundamental tədqiqat əsəri nəinki Azərbaycanda, eləcə də digər türk respublikalarında dialektoloji araşdırmalar, xüsusilə monoqrafik tədqiqatlar üçün bir örnək kimi dəyərləndirilib.
M.Şirəliyev müxtəlif vaxtlarda elmi ekspedisiyanın rəhbəri kimi Azərbaycan dialektlərini öyrənmək üçün bölgələrdə olur, xeyli material toplayır. Bunların əsasında “Bakı dialekti”, “Azərbaycan dialektologiyasının əsasları” və başqa əsərləri yaranır.
Görkəmli alim həm də türk dillərinin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsi ideyasını irəli sürür. Rəhbərliyi altında Azərbaycan dialektoloqları bu işə 20 il vaxt sərf edir. 1990-cı ildə M.Şirəliyev və professor M.İslamovun redaktorluğu ilə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası” nəşr olunur. Atlas dünya türkologiyasında ilk təcrübə hesab edilir. Buna görə də görkəmli dünya dilçiləri tərəfindən maraqla qarşılanır və dəyərləndirilir. Bu uğurundan sonra akademik M.Şirəliyev keçmiş SSRİ məkanındakı türk dillərinin ümumi dilçilik atlasının yaradılması işinə rəhbərlik edir. Həmin atlas üzrə təşkil edilən komissiyanın sədri olur.
O, 30 ildən çox müxtəlif ali təhsil ocaqlarında dilçilikdən mühazirələr oxuyur. Nümunəvi pedaqoji fəaliyyəti rəhbərliyin diqqətindən qaçmır. Müxtəlif vaxtlarda Pedaqoji İnstitutda dekan müavini, dekan, Azərbaycan Dövlət Universitetində (BDU) Azərbaycan dilçiliyi kafedrasının müdiri, Filologiya fakültəsinin dekanı, universitetin prorektoru olur. Bütün bunlara baxmayaraq, o, əsas fəaliyyətini Azərbaycan dilçilik elminin inkişafı və zənginləşməsi işinə yönəldir. Bir müddət sonra Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Dialektologiya şöbəsinin müdiri vəzifəsində çalışır. Sonra institutun direktoru təyin edilir. Əməkdar elm xadimi adı alır. Azərbaycan EA-nın müxbir, 1962-ci ildə isə həqiqi üzvü seçilir. “Azərbaycan dialektologiyasının əsasları” monoqrafiyasına görə 1972-ci ildə Dövlət mükafatına layiq görülür.
Akademik M.Şirəliyevin elmi yaradıcılığı çox zəngindir. O, ümumilikdə 200-dən çox elmi əsərin, o cümlədən 8 kitabın müəllifi, 21 kollektiv monoqrafiyanın əsas müəlliflərindən biri və redaktoru olub.
Alim Azərbaycan dilinin dialektoloji lüğətlərinin tərtibi və nəşri üçün də böyük səy göstərib. O, 1964-cü ildə işıq üzü görən bircildlik “Azərbaycan dilinin dialektoloji lüğəti”nin redaktoru olub. Sonra lüğətin sözlüyü artırılaraq 2000-ci ildə Ankarada iki cilddə çapdan çıxıb. Onun redaktorluğu ilə “Sovet türkologiyası” ümumittifaq jurnalı 1970-ci ildə Bakıda nəşrə başlayıb. Akademik düz 20 il bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərib.
Görkəmli alim Bolqarıstan hökumətinin dəvəti ilə 1953-cü ildə Sofiya Universitetində Türk filologiyası kafedrasının müdiri vəzifəsində çalışır. Türkiyə Cümhuriyyəti Türk Dil Qurumunun 1957-ci ildə keçirilən VIII qurultayında nümayəndə kimi iştirak edir. Sonra bu qurumun müxbir üzvü seçilir.
Filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli görkəmli alimlə bağlı araşdırmasında yazır ki, M.Şirəliyev Azərbaycan dilinin tətbiqi məsələlərinə aid dəyərli kitablar ərsəyə gətirib. Əlifba, terminologiya, orfoqrafiya, durğu işarələri, orfoepiya, bədii əsərlərin dili, nitq mədəniyyəti, lüğətçilik və dilçilik məsələlərinə aid apardığı tədqiqatlar Azərbaycan dilçiliyini zənginləşdirib. Rəhbərliyi altında türkdilli respublika və vilayətlərdə xeyli elmlər namizədi (fəlsəfə doktoru) və elmlər doktorları yetişib. Özbək, qaraqalpaq, tatar, qazax, türkmən, çuvaş, başqırd, Qaraçay-balkar, qumuq, yakut (saxa) dilçi kadrlarının hazırlanmasında M.Şirəliyevin böyük əməyi olub. Qaraqalpaq Muxtar Respublikasının (Özbəkistan) Ali Soveti 1979-cu ildə M.Şirəliyevi bu respublika üçün kadrların yetişdirməsində xidmətlərinə və anadan olmasının 70 illiyinə görə fəxri fərmanla təltif edib.
Azərbaycan dilçiliyində dialektologiyanın əsasını qoyan, kitab və monoqrafiyaları uzun illərdir ali təhsil ocaqlarında dərslik kimi istifadə olunan akademik Məmmədağa Şirəliyev 19 aprel 1991-ci ildə vəfat edib. Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə böyük alimin 110 illik yubileyi geniş şəkildə qeyd olunub.
Savalan FƏRƏCOV