“Pandemiya vəziyyəti daha da ağırlaşmasın”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymin müqəddəs Ramazan ayının başlanması münasibətilə bəyanat yayıb.

İƏT-in Ciddədəki qərargahından bildirilib ki, Baş katib bütün İslam ölkələrinin xalqlarını və liderlərini müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.

İslam ölkələrinə və xalqlarına uca Allahdan bərəkət, sülh və əmin-amanlıq arzulayan Yusif bin Əhməd əl-Osaymin bütün müsəlmanları COVİD-19 bəlasından qurtulmaq üçün dua etməyə, eyni zamanda pandemiya ilə mübarizədə qoyulan qaydalara əməl etməyə çağırıb, o cümlədən insanların Ramazan ayı boyunca mümkün qədər bir yerə toplaşmamasının və sosial məsafəni qorumağın əhəmiyyətini vurğulayıb.

Bəyanatda deyilir: “Ramazan xoşniyyətlilik, tolerantlıq və insanlar arasında dözümlülük ayıdır. Mən bütün müsəlmanları sığınacaqlarda qalan qardaşlarını, immiqrantları, xüsusən pandemiyadan əziyyət çəkən qardaşlarını unutmamağa, onlara yardım əlini uzatmağa səsləyirəm. Eyni zamanda qeyri-müsəlman ölkələrində yaşayan müsəlman icmalarını da bu müqəddəs ayda bütün xalqlar üçün nümunə olmağa dəvət edirəm”.

***

Bu arada bir sıra müsəlman ölkələrində Ramazan ayı ərzində pandemiya vəziyyətinin daha da gərginləşməməsi üçün qərarlar qəbul olunub.

Türkiyədə COVİD-19-la bağlı qadağalar sərtləşdirilib. İndiyədək 58 vilayətdə tətbiq olunan həftəsonu qadağası Ramazan ayında bütün ölkəni əhatə edəcək. Ay boyunca həftə içi hər gün axşam saat 21:00-dan səhər saat 05:00-dək “Evdə qal” məhdudiyyətinin tətbiqi nəzərdə tutulur. Bundan əlavə, ölkədə kütləvi tədbirlərin keçirilməsi, o cümlədən sahur (imsak) və iftar yeməklərinin birgə keçirilməsi qadağan edilir, kafe və restoranlar isə müştərilərə çatdırılma xidməti (paket servisi) göstərəcək.

Misirdə kütləvi iftar süfrələrinin açılması, insanların bir yerə toplaşması qadağan ediləcək. Bundan başqa, məscidlərdə təravih namazı vaxtı sosial məsafənin qorunması, habelə qoruyucu maskalardan istifadəyə nəzarət gücləndirilir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kollektiv iftar süfrələri qadağan edilib. Əmirliyin hökuməti məscidlərdə təravih namazının müddətini 30 dəqiqəyə qədər azaldıb. Bundan sonra ibadət ocaqları dərhal bağlanacaq. Əbu-Dabi və digər şəhərlərdə də məhdudiyyətlər tətbiq ediləcək.

Kütləvi iftar süfrələri Səudiyyə Ərəbistanında da qadağan edilir. Ümrə ziyarəti üçün Krallığa gələn zəvvarların COVİD-19 əleyhinə vaksin vurdurması və testdən keçməsinə xüsusi nəzarət olunacaq. İki müqəddəs məsciddə təravih namazının qılınması vaxtı da 30 dəqiqə müəyyən edilib.