Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) daha da genişlənərək beynəlxalq təşkilata çevrilməsi ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

Aprelin 13-də Nazirlər Kabinetinin növbəti iclasından sonra bu barədə danışan Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türk Şurasına qatılmaq istəyən çox sayda ölkələr olduğunu nəzərə alaraq, onu beynəlxalq təşkilat halına gətirməyin vaxtı çatıb: “Bu mövzuda digər dövlət başçıları ilə həmfikir olduğumuzu görməkdən məmnunuq”.

Türkiyə Prezidenti aprelin 1-də telekonfrans yolu ilə reallaşan Türk Şurası dövlət başçılarının sammitindən danışaraq deyib ki, son tədbirdə səhiyyədən ticarətə qədər genişmiqyaslı əməkdaşlıqla bağlı müzakirələr aparılıb: “Türk Şurasının nəzdindəki bir çox strukturlarla görülən işlər daha güclü bir strukturlaşmaya ehtiyac olduğunu ortaya qoyur”.

Ərdoğan açıqlamasında bu ilin noyabr ayında İstanbulda Türkiyənin ev sahibliyi ilə keçiriləcək Türk Şurasının 8-ci zirvə toplantısında bu məsələnin bir daha nəzərdən keçiriləcəyini vurğulayaraq, həmçinin İstanbulda tarixi bir binanın Türk Şurasına qərargah olaraq hazırlandığını diqqətə çatdırıb.

Mehparə SULTANOVA
Ankara