MEMİM Gədəbəydə ustad dərsləri və onlayn konfrans təşkil edib

Aşıq Ələsgərin 200 illik yubileyi haqqında ölkə başçısının 18 fevral 2021-ci il tarixli sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Gədəbəy Aşıq Məktəbində ustad dərsləri, Gədəbəy rayon Heydər Əliyev Mərkəzində aşıq sənətinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans keçirilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aşıq sənəti kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Aşıqlar Birliyinin (ABB) üzvü Hafiz Kərimovun iştirakı ilə xüsusi karantin rejiminə riayət olunmaqla təşkil edilən ustad dərsləri 13 aprel tarixində Gədəbəy Aşıq Məktəbinin muzeyində gerçəkləşib.

Ustad dərsləri çərçivəsində iştirakçılara notlarla bağlı zəruri məlumatlar verilib. İştirakçılar aşıq sənətində notlardan istifadə olunması və öyrənilməsi mövzusunda belə ustad dərslərinin davam etdirilməsi ilə bağlı fikirlərini bildiriblər.

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans isə 14 aprel tarixində təşkil olunub.

Konfransa AMEA-nın Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Urmiya Universiteti Ədəbiyyat İnstitutunun Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mirəli Rizai, Konya Mədəniyyət Turizm Birliyinin üzvü, Konya Aşıqlar bayramının təşkilatçısı Arif İnan Yıldırım (Türkiyə), L.N.Qumilyov adına Avrasiya Milli Universiteti “Otırar kitabxanası” Elmi Tədqiqat Mərkəzinin baş elmi işçisi Erkegül Arykkarkızı (Qazaxıstan), Qırğızıstan-Türkiyə Manas Universitetinin Təsviri incəsənət fakültəsinin müəllimi Sebahattin Sivrikaya, AAB-nin üzvü Hüseyn Dəryahquliyev (Qazax rayonu), AAB-nin Gəncəbasar bölgəsi üzrə sədr müavini, Gəncə Musiqi Kolleci və Z.Qayıbov adına Uşaq musiqi məktəbinin saz ixtisası üzrə müəllimi İlqar Nəcəfov, ADMİU-nun Aşıq sənəti kafedrasının baş müəllimi Hafiz Kərimov, Gədəbəy Aşıq Məktəbinin direktoru, AAB-nin üzvü Etibar Əliyev, Əməkdar mədəniyyət işçisi, ustad aşıq İmamverdi Mustafayev, Gədəbəy rayonu Arısu kənd məktəbinin direktoru Rauf Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Əliyev, Şəmkir Regional Mədəniyyət İdarəsinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin MEMİM-in əməkdaşları qatılıb.

Konfransda Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına töhfələri, habelə türk dünyası aşıq sənətinə təsiri haqqında fikir mübadiləsi aparılıb.

İştirakçılar aşıq sənətinin günümüzdə inkişafı, tədrisi və gələcək nəsillərə ötürülməsi ilə bağlı çıxışlar ediblər. Aşıq sənətinin türk dünyasını mənəvi bağlarla birləşdirən ən önəmli amillərdən biri olduğu xüsusilə vurğulanıb.

Sonda konfrans iştirakçıları tədbirin keçirilməsinə göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.