Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “İnklüziv teatr layihəsi” UNESCO tərəfindən “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” çərçivəsində qəbul edilib.

Layihənin məqsədi eşitmə və nitq qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud uşaqları, eləcə də yeniyetmə və gəncləri bədii yaradıcılığa cəlb etməkdən ibarətdir. Akademik Musiqili Teatrın yaradıcı mütəxəssisləri tərəfindən aktyor sənəti, rəqs, bədən dili və sair istiqamətlərdə məşğələlərin keçirilməsi, sonda isə həmin uşaqların iştirakı ilə teatr tamaşasının hazırlanması nəzərdə tutulur.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev layihə barədə deyib:

“Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı, sosial reabilitasiyası, onlara lazımi bacarıq və biliklərin aşılanması dövlətimiz üçün prioritet məsələlərdəndir. Son illər belə uşaqların sosial təminatı ilə bərabər, onların bədii yaradıcılığa cəlb edilməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində də çoxsaylı layihələr həyata keçirilir. Teatrımız da belə layihələrin iştirakçısı və təşkilatçısı olub. Təəssüf ki, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar, bəzi obyektiv səbəblərdən müəyyən layihələrdən kənarda qalırlar. Belə halları nəzərə alaraq bu kateqoriyadan olan uşaqları, yeniyetmə və gəncləri teatrın nəzdində yaradılan inklüziv teatr studiyası ətrafında birləşdirməyi qərara almışıq”.

Direktor bildirib ki, bu şəxslərin bədii yaradıcılığa cəlb olunmaları, teatr, rəqs, sirk və sair sənət növlərinə məxsus ifadə vasitələrinə yiyələnmələri, onların bədii zövqünün formalaşması, istedadlarının üzə çıxarılması, mənəvi dünyalarının zənginləşməsi üçün bizim studiyamız əvəzedilməz vasitə ola bilər. Məşqlər teatrın təcrübəli aktyorları tərəfindən keçiriləcək.

Qeyd edilib ki, mövcud pandemiya vəziyyəti ilə əlaqədar layihəmizin Mədəniyyət Nazirliyinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında, müvafiq qaydalara riayət olunmaqla, həmçinin onlayn həyata keçirilməsi nəzərdə tutulur: “Ümid edirəm ki, UNESCO tərəfindən qəbul edilmiş layihə özünü yaxın zamanlarda doğruldacaq, ətrafına çoxlu istedadlı gəncləri toplayacaq”.