Gəncədə fəaliyyət göstərən dekorativ-tətbiqi sənət ustası Sona Məhərrəmovanın Vətən müharibəsi şəhidlərinin portretlərini hazırlaması və “Şanlı Qələbəmizin qəhrəmanları” adlı sərgisinin keçirildiyi barədə qəzetimizdə (17 mart) məlumat vermişdik. Bu günlərdə Sona xanımla görüşüb həmsöhbət olduq.
Sona Sahib qızı Məhərrəmova 1989-cu ildə Gəncə şəhərində anadan olub. Əhməd Cavad adına 2 saylı tam orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Humanitar Kollecində təhsil alıb. 2017-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunan rəssam 100-dən çox sərginin iştirakçısıdır. Hazırda Gəncə şəhərindəki Gənclər evində dekorativ-tətbiqi sənət üzrə müəllim olaraq fəaliyyət göstərir.
Müsahibim bu sənətə sevgisinin yaranmasında rəssam qardaşının rol oynadığını dedi.
– Ən çox hansı janrda işləyirsiniz və bunun xüsusi bir səbəbi varmı?
– Bir sıra janrlarda işləyirəm, ancaq daha çox şüşə üzərində rəsm çəkməyi sevirəm. Düşünürəm ki, özümü bu sənətdə tapmışam. Bu sahədə bir çox işlərim var. Misal olaraq, armudu stəkanlar üzərinə milli atributlarımızı, dahi şair Nizami Gəncəvinin “Xəmsə”nə miniatürləri əks etdirirəm. İşlərim maraqla qarşılanır, insanlar hədiyyə üçün sifariş verirlər.
– Fərdi sərginiz olubmu?
– 2013-cü ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə “Nağıllar aləmi” adlı ilk fərdi sərgim keçirilib. Sərgidə bədii tikmə üslubunda xalq nağılları qəhrəmanlarının obrazlarını tikmişdim. Məqsədim nağıllarımızı uşaqlara aşılamaq, gənclərdə kitaba, ədəbiyyata, qədim xalq sənətimizin bədii tikmə növünə maraq oyatmaq idi.
– 2019-cu ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsində iştirak etmisiniz...
– Bəli, layihə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdi. Layihə çərçivəsində Gəncə şəhərində valideyn himayəsindən məhrum olan, uşaq evlərində yaşayan uşaqlar üçün Gənclər evində dekorativ-tətbiqi sənət kursu təşkil edildi. Dörd ay bu kursu apardım. Uşaqlar çox böyük həvəslə gələrək xalq sənətimizlə yanaşı, digər sənət növlərini də öyrənməyə çalışdılar.
– Gələk Vətən müharibəsi şəhidlərinə həsr etdiyiniz işlərə. Nə vaxtdan bu istiqamətdə işləməyə başladınız?
– Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunmasını elan etdiyi zaman şəhid qəhrəmanların portretlərini yaratmağa qərar verdim. İlk olaraq şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun portretini hazırladım.
– Zərli toz texnikasında işləmək çətin deyil ki?
– Bu üsul cəldlik və bacarıq tələb edir. Öncə kompüterdə vektor formatında işlənilir. Daha sonra rəsm lövhəsi usta tərəfindən kəsilir, boyanır. Rəsm boyanmış lövhənin üzərinə çəkilir, yapışqanla birləşdirilir. Sonda zəri lövhənin üzərinə üfürməklə rəsmi hazır edirik.
Şəhidlərin portretini hazırlayarkən qızılı rəngdən istifadə edirəm. Bu rəngi təsadüfən seçməmişəm. Bununla qızıl qəlbli şəhidlərimizin daxili aləmini göstərmək istəyirəm. Bu işdə şagirdlərim də mənə köməklik göstərirlər.
– Bir əsərin hazırlanmasına nə qədər vaxt sərf edirsiniz?
– Dəqiq vaxt deməkdə çətinlik çəkirəm. Şagirdlərimin köməkliyi sayəsində ilk mərhələdə bir ay ərzində 21 portret hazırladım. Bu əsərlərdən ibarət “Şanlı Qələbəmizin qəhrəmanları” adlı sərgi keçirdik. Nümayiş olunan portretlərin çoxu hazırda şəhidlərimizin ailələrinə təqdim olunub.
– Bu istiqamətdə işləri davam etdirəcəksinizmi?
– Hazırda mənə şəhid ailələri tərəfindən çoxlu xahişlər olur. Bacardığım qədər bu təklifləri yerinə yetirməyə çalışacağam. Məqsədim hər ay bir şəhidin portretini hazırlayıb ailəsinə təqdim etməkdir.
– Gələcək planlarınız nələrdir?
– Seçdiyim yolda irəliləmək, gənclərimizə qədim xalq sənətlərimiz aşılamaq, onlara dəstək olmaq istəyirəm.
Ən böyük arzum isə Qarabağda şagirdlərimlə sərgi keçirməkdir. Artıq layihənin planını hazırlayıram.
– Sizə yeni yaradıcılıq uğurları arzulayırıq.
– Çox sağ olun. Göstərdiyiniz diqqətə görə “Mədəniyyət” qəzetinə təşəkkürümü bildirirəm.
Nurəddin MƏMMƏDLİ