Azərbaycan Kinematoqrafçılar İttifaqının nəşr etdirdiyi (2021) 4 cildlik “Azərbaycan kino sənəti tarixi” (müəllif – Nəriman Əbdülrəhmanlı, layihə rəhbəri – Rüstəm İbrahimbəyov) “bu sahədə Azərbaycanda ilk fundamental tədqiqat” kimi təqdim olunur.

Əsərdə həmçinin belə bir əminlik ifadə olunmuşdur ki, burada təkcə filmlərin istehsal tarixi deyil, həm də “kinotexnikanın, kinoprokatın, kinolaşdırmanın (...) inkişafı” nəzərdən keçirilir. Bu halda isə, dördcildliyin adını “kino sənəti tarixi” yox, kinematoqrafiya tarixi adlandırmaq daha düzgün olardı.

Dördcildlikdə bilavasitə müəllif mətninin həcmi olduqca azdır. Bu iş özündə əsasən digər müəlliflər tərəfindən (misal üçün, T.Hümbətovanın ilk kinematoqrafçı A.Mişon haqqında qələmə aldığı oçerk kimi) yazılmış qəzet, jurnal və kitab məqalələrinin yığımını əks etdirir.

Kitabda bir çox fikirlər, ümumiyyətlə, qeyd olunan mövzuya aid deyil. Kinematoqrafın kəşf olunması və ilk illərindən bəhs edən birinci fəsil, yaxud da Bakıda fotoqrafiya tarixi və Rusiyada erkən kino tarixi haqqında mətnlər tamamilə artıqdır.

Müəllif “kinematoqraf” sözünün etimologiyasını izah edərkən, yəqin ki, kitabın ibtidai sinif şagirdləri üçün yox, alitəhsilli insanlar üçün nəzərdə tutulduğunu unudur. Eynilə ekranlaşdırma, yaxud “art-haus” termini haqqındakı müəllif mətni primitiv “savadsızlığın ləğvi” təsiri bağışlayır.

“Azərbaycan kino tarixi”ni yazan müəllif yalnız yerli və Rusiya mənbələrinə istinad edir və bu, kitabın ən ciddi çatışmazlıqlarından biridir. İlk fundamental tədqiqat kimi qələmə verilən əsər üçün, xüsusilə bizim kinematoqrafiya tariximizin ən yeni dövrünə həsr olunmuş bölmədə, bu, qətiyyən yolverilməzdir. Azərbaycan kinosu, müstəqilliyin ilk illərindən başlayaraq xarici kino festivallarında iştirak etmiş, beynəlxalq auditoriya qazanmışdır. Filmlərimiz haqqında dünya mətbuatı indiyə qədər yazır, üstəlik bir çox hallarda tamamilə fərqli tərzdə, bu mövzuya bizim üçün hələ də qaranlıq olan meyarlardan yanaşılır ki, bu da müasir kino prosesində bizim kinematoqrafiyanın yerini və rolunu anlamaq üçün olduqca vacibdir.

Xarici mətbuatın inkar edilməsi yəqin ki, müəllifin “xarici dillər” anlayışından bir qədər uzaq olmağından irəli gəlir. Xarici sözləri, adları işlətmək məcburiyyəti qarşısında qalanda bu özünü büruzə verir. Nant kinofestivalının direktoru Jaladu kitabda Jeledü, Senkeviçin “Kamo qryadeşi” romanı “Kamo Qaryadeşi”, ilahə Kibela – Sevilya kimi getmiş, görkəmli dramaturq Suxovo-Kobılin qadına çevrilərək Suxovo-Kobılina kimi təqdim olunmuşdur. “Paspartu” (fotoatelyenin emblemi) kitabda “pasport” kimi yazılmışdır.

Müəllifin vacib olanı ikinci dərəcəlidən, lazımlını lazımsızdan ayıra bilməməsi addımbaşı özünü büruzə verir və bəzən qarışıqlığa, hər şeyin tamamilə dolaşığa düşməsinə gətirib çıxarır. Hər cildin axırında Azərbaycan kino xadimləri, eləcə də Azərbaycan kinosu ilə hər hansı bir şəraitdə müəyyən təmasları olmuş şəxslər haqqında qısa biblioqrafik məlumatlar yerləşdirilmişdir. İstisnasız olaraq qısa bioqrafiyalardan ibarət bu bölmə nədənsə “Qeydlər, şərhlər və bioqrafik məlumatlar” adlanır. Müəllifin bioqrafiyasını kitaba salmağa vacib bildiyi şəxslər arasında Buxara əmiri, knyaz Şalva Dadiani, erməni aktyoru Vaqram Papazyan, SSRİ mədəniyyət naziri Furtseva, hələ sovetlər dönəmində rəzil fiqur reputasiyasını qazanmış, dəfələrlə Rusiya kino mətbuatında gülüş hədəfinə çevrilmiş kinematoqrafiya rəhbəri Dukelski vardır.

Hər bir cildi tamamlayan bu bölmələrdə təkcə Azərbaycan kinosuna deyil, bütövlükdə kino sənətinə olduqca dolayı tərzdə aidiyyəti olan simaların sayı o qədər çoxdur ki, Azərbaycan kinematoqrafçıları onların arasında itir. Söhbətin hansı ölkənin kinematoqrafiyasından getdiyi aydın olmur.

Bəzi Azərbaycan rejissorlarına ayrıca məqalələr həsr edilib və onların hamısı, sözsüz ki, buna layiqdir. Lakin təkcə onlar yox. Misal üçün, Vaqif Mustafayev kimi kinomuz üçün mühüm əhəmiyyət kəsb edən rejissorlar şəxsi xarakterli mülahizələrə görə bu siyahıda yoxdur.

Müəllif mətnində konseptual və analitik təfəkkür əlamətləri, demək olar ki, yoxdur. Üstəlik, bütün bunlar cansız, bir növ “ütülənmiş”, quru dillə izah edilir. Kino sənəti tarixi adlandırılan işdə məhz elə sənətin özü yoxdur.

1961-ci ildən 1991-ci ilədək olar böyük bir zaman kəsimini müəllif bir dövr kimi təqdim etməyi və onun “xarakterik xüsusiyyətlərini” cəmi altı səhifədə şərh etməyi mümkün sayıb. “Dəcəl dəstə”, “Kəndlilər”, “Bir ailə” kimi filmlərin əhəmiyyəti əks olunmayıb. Hətta “Arşın mal alan” filminin sovet kinofilmi tarixində unikal rolu barədə müəllifə, demək olar ki, heç nə məlum deyil. “Mavi dənizin sahilində” filminin dünya kinosu tarixində tutduğu əhəmiyyətli mövqe, yaxud sovet kinofantastikasının inkişafında “Sehrli xalat” filminin rolu da ona bəlli deyil, rusiyalı kinoşünasların bu barədə yazdıqları məqalələr diqqətdən kənarda qalıb. “Mülayimləşmə dövrü” barədə mühakimə yürüdən müəllif bu anlayışı 60-cı illərlə əlaqələndirir, onun 50-ci illərin sonlarında “Uzaq sahillərdə” kimi filmlərdəki parlaq təzahürlərini isə nəzərdən qaçırır.

Və əksinə, müəllif sovet ideologiyası mövqelərindən çəkilmiş filmlərin, heç olmasa oxucunun özü tərəfindən tənqidi mənalandırılmasına imkan verən materialların təqdim edilməsinə hətta kiçik bir cəhd belə göstərmir. “26 Bakı komissarı” və “Ulduzlar sönmür” filmləri haqqında tərifli sözləri bol-bol işlədən müəllif nə Şaumyanın vəsf olunmasını, nə də H.Z.Tağıyevə istehza edilməsini bircə sözlə belə dilə gətirməyib.

Azərbaycan kinosu tarixi dördcildlikdə kino sənəti tarixi, kinoda yaradıcılıq tarixi, yaradıcı şəxsiyyətlərin tarixi, ölkənin və xalqın ekranda öz təcəssümünü tapan tarixi kimi təqdim olunmayıb.

Müəllif üçün kino tarixi – vəzifəyə təyin olunma, məruzələr, tədbirlər tarixidir, rejissorlar üçünsə yüksək yaradıcılıq nailiyyətləri, müəllifin qənaətincə, onların mükafat və ad almasından ibarətdir.

Müəllif üçün sovet ideologiyası zamanından üzü bəri, demək olar ki, heç nə dəyişməyib. Bolşevizmə keçidi o, vicdanının səsinə qulaq asmadan Böyük Oktyabr sosialist inqilabı adlandırır, Pıryevin Kinematoqrafçılar İttifaqının plenumlarındakı məruzələrindən, yaxud rəzil Dukelskinin məruzə qeydlərindən rəğbətlə sitat gətirir, “Partiya və kino”, “Lenin və kino” kimi kitabların milli kinematoqrafiyanın inkişafına təsiri barədə yazır. Görünür, müəllifin dünyagörüşü təkcə sovet nəşrləri ilə məhdudlaşır. Və elə bu toplunu müəllif açıq-aşkar ötən əsrin 70-ci illərində nəşr edilmiş və nəşrdən dərhal sonra “köhnəlmiş” “Sovet kinosu tarixi” dördcildliyinə oxşatmağa çalışır.

Ümumiyyətlə, işdə müəllifin Azərbaycan kinosunu sovet kinosunun bir hissəsi kimi təqdim etməyə, Rusiya kinematoqrafiyası ilə münasibətdə onun tabe vəziyyətini qeyd etməyə israrla səy göstərməsi aşkar görünür. Şəxsən məndə kimin və hansı niyyətlə müəllifə rəhbərlik etməsi barədə elə bir şübhə yoxdur.

Müəllif sakitcə, vəzifəsinin yerinə yetirilmiş olduğunu dərk edərək, “Nersesyan, Ayvazyan, Maxmuryan haqda məlumat əldə edə bilmədik”, yaxud İqor Strekov (yeri gəlmişkən, Moskvada mənim müəllimim olub – A.S.) haqda məlumat əldə edə bilmədik” kimi frazalar işlədir. Yəqin müəllifin xəbəri yoxdur: əsl tədqiqat işi internetin susduğu yerdə başlanır. Lakin hətta informasiyanı internetdə yoxlamağın asan olduğu şəraitdə belə müəllif bəzən çox kobud səhvlərə yol verir.

“1998 ildə” yox, 18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Milli Kino” yox, Azərbaycan Kinosu Günü haqda Sərəncam imzalanıb (I cild, s. 65).

Kitab həm kobud səhvlərlə doludur (aktrisa Maya İsgəndərova başqa bir yerdə Mahirə getmişdir və s.).

İllüstrativ material da eynilə yarıtmaz tərzdə təşkil olunmuşdur. Çoxsaylı nümunələrdən bir neçəsinə baxaq. Aktyor Rəşad Səfərov haqqında məqalənin altında aktyor Rasim Cəfərovun fotosu yerləşdirilmişdir (IV cild, səh. 486), Miron Qrossman haqqında məqalənin altında A.Dovjenkonun kino barədə adi biliklərə malik hər kəsin tanıdığı fotosu verilmişdir, tanınmış teatr rejissoru Lvov-Anoxinin fotosu Feliks Slidovker kimi qələmə verilir (III cild, səh. 568), Azərbaycan kinodetektivləri haqqında fəsildə nədənsə Xruşşovun Niyazi və Qara Qarayevlə şəkli əks olunub və i.a.

Tanınmış Azərbaycan kinematoqrafçılarının kiçikölçülü ağ-qara fotoları fonunda yerləşdirilən N.Əbdülrəhmanlının böyük, rəngli fotosunun ölçüləri kinomuzda bu xadimin tutduğu yerə heç də uyğun gəlmir.

“Azərbaycan kino sənəti tarixi” dördcildliyi ən adi tələblərə cavab vermir. Onda filmoqrafiya, biblioqrafiya, adların əlifba göstəricisi, filmlərin əlifba göstəricisi kimi bölmələr yoxdur ki, onlarsız belə əsərlərin nəşri qətiyyən mümkün deyil. Əvəzində nədənsə Bakı küçələrinin siyahısı verilib (Nə üçün ancaq Bakı küçələrinin?).

Son olaraq həm də poliqrafiyanın yarıtmaz olduğunu vurğulamaq lazımdır. Misal üçün, üçüncü cildin sonunda səhifələr iki dəfə təkrarlanır.

Yuxarıda deyilənlərdən ən azı bir nəticə çıxır. Belə bir əsər, ümumiyyətlə, bir müəllif tərəfindən hazırlana bilməz. Heç bu yığma, iqtibaslardan yoğurulmuş dördcildlik elə əsərlərdən deyil. Yuxarıda şərh olunanları nəzərə alsaq, Azərbaycan kinosu tarixinin obyektiv, hərtərəfli, elmi cəhətdən əsaslandırılaraq yazılması zərurəti daha da aydınlaşır ki, bunu da böyük müəllif kollektivi yerinə yetirməlidir.

Ayaz SALAYEV
Əməkdar incəsənət xadimi