Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi peşəkar teatr tariximizə dair materialların toplandığı və nümayiş olunduğu bir məkandır. Milli mədəni irsimiz burada mühafizə olunaraq gələcək nəsillərə ötürülür. 

Ömrünü sənətə həsr etmiş, mədəniyyətimizin inkişafında iz qoymuş bir çox sənətkarımız öz şəxsi arxivlərini qorunmaq üçün muzeyə etibar edirlər.

Bu günlərdə tanınmış aktyor, Əməkdar artist Sadıq Salehə məxsus şəxsi arxiv sənətkarın nəvəsi Saleh Bağırov tərəfindən muzeyə təqdim olunub. Arxivdə aktyorun oynadığı tamaşalardan fotolar, proqramlar, əlyazmalar, yaradıcılığını əks etdirən digər materiallar toplanıb.

Bir çoxlarımızın “O olmasın, bu olsun” filmindən Mirzə Ələkbər Sabir kimi tanıdığı S.Saleh səhnə sənətimizdə C.Cabbarlının “Od gəlini”ndə Qorxmaz, “Almaz”ında Barat, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”ında Şahbaz bəy, “Xırs quldurbasan”ında Koxa, C.Məmmədquluzadənin “Ölülər”ində Hacı Kazım, Ə.Haqverdiyevin “Dağılan tifaq”ında Süleyman bəy, S.Vurğunun “Vaqif”ində Əlibəy və Təlxək, A.N.Ostrovskinin “Günahsız müqəssirlər”ində Neznamov, N.V.Qoqolun “Müfəttiş”ində Bobçinski kimi müxtəlif xarakterli rolların ifaçısı olub. O, həmçinin bir sıra filmlərin dublyajında iştirak edib. Sənətkar fəxri fərman və medallarla təltif edilib.

Özündə teatr tariximizin müxtəlif məqamlarını yaşadan hər bir memorial əşya və sənəd muzey eksponatına döndükdən sonra bu tarixin və ayrı-ayrı sənətkarların yaradıcılığının öyrənilməsində mühüm tədqiqat mənbəyinə çevrilir. Dövlət Teatr Muzeyi sənətkarlarımızı və onların ailə üzvlərini bu ənənəni davam etdirməyə dəvət edir.