Rijekada “Xivədən təəssüratlar” fotosərgisi

Türk xalqlarının zəngin mədəniyyətini dünyaya tanıtmaq üçün fəaliyyətini davam etdirən TÜRKSOY-un daha bir layihəsi – “Xivədən təəssüratlar” adlı fotosərgisi Xorvatiyanın Rijeka şəhərində reallaşıb.

Qeyd edək ki, 2020-ci ildə Özbəkistanın Xivə şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı”, Rijeka şəhəri isə “Avropanın mədəniyyət paytaxtı” adını daşıyıb.

Sərgi ilə bağlı TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Özbəkistan Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şokrux Akbarov Rijeka şəhərinə səfər ediblər. Rijeka Bələdiyyəsinin sədri Vojko Obersnel, Rijeka Şəhər Şurasının sədri Andrey Poropat ilə görüşdə mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Düsen Kaseinov TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsindən bəhs edərək bu çərçivədə keçmişdə elan edilmiş və gələcəkdə elan ediləcək olan Avropa “mədəniyyət paytaxtları” ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. TÜRKSOY-un dəstəyi ilə Rijeka şəhərinin də Özbəkistanın Xivə şəhərində bir sərgi təşkil etməsi təşəbbüsü irəli sürülüb.

Görüşdən sonra nümayəndə heyəti TÜRKSOY, Özbəkistan Mədəniyyət Nazirliyi və Rijeka Bələdiyyəsi ilə birlikdə şəhərdəki Korzo piyada zonasında təşkil edilmiş “Xivədən təəssüratlar” adlı fotosərgiyə baxıb.

Sərgi 1990-cı ildə Orta Asiyadan UNESCO-nun Dünya irs siyahısına daxil edilən ilk şəhər olan Xivənin Avropada tanıdılması ilə yanaşı, Avropa və Türk dünyası “mədəniyyət paytaxtları” arasında işbirliyini inkişaf etdirmək məqsədi daşıyır.

Mehparə SULTANOVA
Ankara