Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Nəriman Nərimanov. Biblioqrafiya” hazırlanaraq nəşr edilib. Nəriman Nərimanovun 150 illiyinə həsr edilən biblioqrafiyada zəngin material toplanıb.

N.Nərimanov haqqında ilk biblioqrafiya 1972-ci ildə ədibin 100 illiyi münasibətilə görkəmli biblioqraf, filologiya elmləri namizədi Fərman Bayramovun tərtibçiliyi ilə (“Nəriman Nərimanov (1870-1970). Biblioqrafik göstərici”) çap olunub. Nərimanovun ədəbi və ictimai-siyasi fəaliyyətinin əhəmiyyətini nəzərə alaraq, haqqında aparılan tədqiqat işlərinin pərakəndəliyini aradan qaldırmaq, fundamental informasiya resursu yaratmaq məqsədilə Milli Kitabxana tərəfindən yeni biblioqrafiya tərtib edilib.

Kitabın əvvəlində “Nəriman Nərimanovun həyat və fəaliyyətinin əsas tarixləri”, “Nəriman Nərimanovun hikmətli sözləri və mülahizələri”, “Görkəmli şəxsiyyətlər Nəriman Nərimanov haqqında” bölmələri verilib.

1890-2020-ci illəri əhatə edən biblioqrafiyada yazıçının kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, dövlət xadimi kimi imzaladığı əmr, sərəncam və dekretlər, elmi və publisistik məqalələri əksini tapıb. Həyat və yaradıcılığı haqqında kitablar ayrıca bölmə şəklində, dövri mətbuatda çapdan çıxan materiallar müvafiq bölmələr üzrə qruplaşdırılaraq təqdim edilib.

Biblioqrafik göstəricinin “Əlavələr” bölməsinə “Arxiv materialları”, “N.Nərimanovun tədqiqatçıları” və “N.Nərimanov mövzusunda əsərləri olan rəssamlar” altbölmələri daxil edilib. İlk dəfə olaraq “Nəriman Nərimanov dünya kitabxanalarında” və “Nəriman Nərimanov dünya universitet kitabxanalarında” bölmələri verilib, Nərimanovun Bakıdakı  xatirə muzeyinin materiallarından da istifadə edilib.

Azərbaycan, rus və başqa dillərdə çap olunmuş materialları əhatə edən biblioqrafiyada ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında qruplaşdırılıb, daxildə əlifba sırasına riayət edilib. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə Nərimanovun əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəricilərindən ibarət köməkçi aparat verilib.