Həyatın bütün sahələrinə nüfuz edən informasiya-kommunikasiya texnologiyaları turizm sahəsindən də yan keçməyib.
   
   Müasir dövrdə ənənəvi təbliğat vasitələri (çap məhsulları, beynəlxalq sərgilərdə iştirak, video və kino çarxlarının istehsalı) ilə yanaşı, elektron resursların bu istiqamətdə artırılması və yayılması böyük əhəmiyyətə malikdir. “Elektron Azərbaycan” Dövlət Proqramının tərkib hissələrindən biri də zamanın tələbi olan elektron turizmdir.
   AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən görüşdə ölkəmizdə elektron turizmin inkişaf etdirilməsinin Azərbaycan həqiqətləri, milli-mənəvi dəyərlər, səfalı guşələrimiz və ümumilikdə respublika haqqında təsəvvürün formalaşmasında rolu haqqında fikir mübadiləsi aparılıb. Görüşdə Almaniyanın Metrologiya və Texniki Analiz İnstitutunun icraçı direktoru professor Heynz Vübbelman, Azərbaycan Turizm İnstitutunun Tədqiqat və İnkişaf şöbəsinin aparıcı məsləhətçisi, ekologiya üzrə xarici ekspert Gila Altmann və digər qonaqlar iştirak ediblər. Ekologiya üzrə xarici ekspert Gila Altmann Turizm İnstitutunda Turizm biznesinin təşkili və texnologiyası, Turizmdə menecment və marketinq, Turizmdə informasiya texnologiyaları, İctimai fənlər və Turizmin linqvistik təminatı kafedralarının mövcud olduğunu, bununla yanaşı Tədqiqat və İnkişaf Mərkəzi, Beynəlxalq əlaqələr və layihələr şöbəsi, Kitabxana İnformasiya Mərkəzinin fəaliyyət göstərdiyini nəzərə çatdırıb.