Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Füzuli şəhərində seçicilərin səs verməsi üçün 4 məntəqə fəaliyyət göstərir. Füzulidə məskunlaşan sakinlər yüksək əhvali-ruhiyə ilə səhər saatlarından başlayaraq məntəqələrə üz tutublar.
84 saylı Füzuli Seçki Dairəsi Dairə Seçki Komissiyasından bölgə müxbirinə verilən məlumata görə, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var, 4 seçki məntəqəsi işğaldan azad olunan Füzuli şəhərində yerləşir. Dairə üzrə ümumilikdə 54246 seçici qeydə alınıb ki, onlardan da ilk dəfə səs vermədə iştirak etmək hüququ olanların sayı 583 nəfərdir. İşğaldan azad olunan Füzuli şəhərindəki 4 seçki məntəqəsi - 75, 76, 77, 78 saylı seçki məntəqələri fəaliyyət göstərir.
Bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
Dairə üzrə 8 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərin gedişatını izləmək üçün 1253 nəfər müşahidəçi qeydiyyatdan keçib.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.
***
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər Xocalı rayonu ərazisində üç məntəqədə keçirilir. 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 71 saylı məntəqəsi Xocalı rayonunun Təzəbinə kəndində, 72 saylı məntəqə Əsgəran qəsəbəsində, 73 saylı məntəqə Xocalı şəhərində təşkil edilib. Bu ilin may ayında Xocalıya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verirlər.
73 saylı seçki məntəqəsində səsvermənin gedişini müşahidə edib. Məntəqə seçki komissiyasının sədri Ceyhun Əbdülov bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
Səsvermədə iştirak edən Xocalı sakinləri doğma yurdlarında səs verdikləri üçün qürur hissi keçirdiklərini dilə gətiriblər.
Seçici Məlahət Paşayeva deyib: “Ötən 32 il ərzində ölkəmizdə keçirilən seçkilərdə məcburi köçkün olaraq iştirak edirdik. Nəhayət, yurd həsrətimiz bu il başa çatdı – may ayında yenidən Xocalıda məskunlaşdıq və bu gün öz torpağımızda qürurlu Azərbaycan vətəndaşı kimi səs veririk. Bu qüruru, sevinci bizə yaşatdığına görə Prezidentimizə, ordumuza təşəkkürümü bildirirəm”.
***
İşğaldan azad olunmuş ərazilərdəki digər seçki məntəqələrdə olduğu kimi, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin Hadrut qəsəbəsində yaradılmış 92 saylı seçki məntəqəsində də səsvermə üçün lazımi şərait yaradılıb.
Məntəqə seçki komissiyasının sədri Raqil Əlizadə bildirib ki, saat 07:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 08:00-da səsvermənin başlanması elan edilib. Məntəqə üzrə qeydə alınan seçicilər səhər saatlarından etibarən seçki məntəqəsinə gəlir, öz konstitusion hüquqlarından istifadə edirlər. Hər bir seçicidə ruh yüksəkliyi müşahidə edilir. Seçki prosesini 14 yerli müşahidəçi izləyir.
124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi üzrə 46 və 47 saylı məntəqələr Şuşa şəhərində, 92 saylı məntəqə Xocavənd rayonu Hadrut qəsəbəsində, 93 saylı məntəqə Xocavənd rayonu Böyük Tağlar kəndində təşkil edilib.