Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun inşası davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, ötən il noyabr ayının 16-da Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulmuş “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Şuşa şəhərinə qədər uzanır.

Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə bərabər, subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “Kolin” şirkəti və “Azvirt” MMC birgə icra edir.

Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur. Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə dairəvi su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da aparılır.

“Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.