Buz dövründə bir çox canlıların məhv olduğu halda canavarların sağ qalması alimləri çoxdan maraqlandırır. Paleontoloq Daniel Freyzerin rəhbərliyi ilə Kanadadan və ABŞ-dan olan bir qrup alimin apardığı tədqiqatın nəticələri “Palaeogeography” və “Palaeoecology” jurnallarında dərc edilib.
Alimlərin fikrincə, boz canavarlar son Buz dövründə qida davranışını yeni şəraitə uyğun dəyişdikləri üçün sağ qala biliblər. Tədqiqatda qeyd olunur ki, boz canavarlar təqribən 11 700 il əvvəl Buz dövrünün sonunda sağ qala bilmiş bəzi nəhəng yırtıcılardan biridir. Bu gün onlar soyuq iqlimdə – Şimali Kanadanın meşələrində, tundrada, eləcə də Alyaskada yaşayır. Onların qida rasionunun əsasını şimal maralları və sığınlar təşkil edir.
Alimlər Ottavada Təbiət muzeyində saxlanılan, 50-26 min il əvvələ aid qədim canavarların diş və sümüklərinin tərkibini analiz edərək nəticələri indiki canavarlarla tutuşdurublar. Bütün nümunələr Yukon ərazisindən götürülüb.
Tədqiqatın nəticələrinə görə, canavarlar min illər ərzində çöl landşaftları şimal meşələri ilə əvəzlənərkən, ehtimal ki, öz rasionlarına tədricən uyğunlaşaraq, Pleystosen dövrü atlarından müasir marallara və sığınlara keçmək sayəsində sağ qalıb.
Canavarların qidalandığı heyvan növləri sümük kollagenindən əldə edilmiş karbon və azot izotopları sayəsində və müasir növlərlə müqayisə edilməklə müəyyənləşdirilib.
Tədqiqatlar göstərib ki, Pleystosen dövründə məhv olmuş atlar Buz dövrünün sonunda boz canavarların qida rasionunun təxminən yarısını təşkil edib. Qida rasionunun təxminən 15 faizini şimal maralları və vəhşi qoyunlar, az bir hissəsini isə mamontlar təşkil edib. Qədim canavarlar qılıncdişli pişiklər və qısasifət ayılarla yanaşı mövcud olub. Bu yırtıcıların tam yoxa çıxması canavarlara yeni növ qidalara keçməyə böyük imkan yaradıb.
Paleontoloqların fikrincə, əldə edilən nəticələr Buz dövründə sağ qalmanın və uyğunlaşmanın, habelə ekoloji adaptasiya zamanı qədim növün müasir formaya çevrilməsinin real tarixidir.