Təqvimdə “Parklara yürüş günləri” də var

Təqvim ilinin az qala hər günü hansısa əlamətdar hadisəni və ya təşəbbüsü yada salır. Bir sıra günlər də beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin təşəbbüsü ilə təbiət və cəmiyyətə münasibətdə müxtəlif məqamları vurğulamaq məqsədilə qeyd olunur. Aprel ayı belə əlamətdar günlərlə zəngindir. Onlardan biri də “Parklara yürüş günləri”dir. Bu ekoloji gün ictimaiyyətin diqqətini ətraf mühitin problemlərinə cəlb etmək, nadir təbiət landşaftlarını qorumaq məqsədi daşıyır.

Bu aksiya ilk dəfə 1990-cı ildə ABŞ-ın Milli Parklar və Təbiəti Mühafizə Assosiasiyasının təşəbbüsü ilə reallaşıb. 22 aprel – Beynəlxalq Yer Günü BMT tərəfindən rəsmiləşəndən sonra “Parklara yürüş günləri” aksiyası daha da genişlənib və bu günlər eyni həftə içində qeyd olunur. Bu il “Parklara yürüş günləri” 19-24 aprel tarixini əhatə edəcək.

Sirr deyil ki, böyük şəhərlərdə yaşayan insanların heç də hamısı arzuolunmaz səs-küydən bezəndə tez-tez uzaq məsafələrdəki dağlıq və meşəlik ərazilərdə dincələ bilmir. Bu da, təbii olaraq, psixoloji yorğunluq və əsəbiliklə müşayiət olunur.

Belə məqamlarda parklarda, sadəcə, piyada gəzmək işimizə yaraya bilər. Tibb mütəxəssislərinin fikrincə, gündə 30 dəqiqə piyada gəzmək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmağa, qan təzyiqini normada saxlamağa kömək edir və stresi azaldır. İngilis həkimlərinin qənaətinə görə, təbiətdə (parkda) gəzmək kinoteatra getməklə müqayisə olunmayacaq qədər bərpaedici təsir göstərir.

Son illərdə ölkəmizdə əhalinin istirahətinin təmin olunması məqsədilə park sahələrinin genişləndirilməsi diqqətdə saxlanılır. Paytaxtda və bölgələrdə yeni parklar salınır, yaxud bərpa edilir. Qalır bizim həvəsimizə. Təkcə hansısa günlərdə deyil, çalışın hər gün müəyyən qədər parkda gəzməklə sağlamlığınızın qeydinə qalasınız.

NURƏDDİN