Aprelin 16-da görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin (1916-1961) anadan olmasının 105 illiyi tamam oldu.

Bu münasibətlə bəstəkarın Gəncə şəhərinin Filarmoniya bağındakı məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, bəstəkarın ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bəstəkarın ailə üzvləri çıxış edərək Qəmbər Hüseynlinin yaradıcılığına göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd olunub ki, bəstəkarın yaradıcılığında mahnı və romans mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil. Ancaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı dolaşan bir sənət incisi də var – “Cücələrim”. Qəmbər Hüseynli deyəndə “Cücələrim”, “Cücələrim”in sədası yayılanda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovun sözlərinə 1948-ci ildə bəstələnən gözəl sənət incisi yüzdən çox xalqın dilində səsləndirilib.

Qeyd edək ki, Qəmbər Hüseynlinin 105 illiyi ilə əlaqədar doğulub böyüdüyü evin fasadındakı barelyefi dəyişdirilərək yenisi ilə əvəz olunub.