İstənilən bir tayfanın xalq kimi formalaşması ən azı iki minillik bir tarixi prosesin nəticəsi olaraq təzahür edir. Azərbaycan xalqının tarixdəki yeri, ərazisində mövcud olmuş Aratta, Mitan, Manna, Midiya kimi 15-ə yaxı dövlət quruluşları Strabonun Azər (Asər) xalqının m.ö. VI minillikdə öz əlifbası olması faktı ilə 8 minillik bir tarixi dövrü əhatə edir. Bu dövlət adları isə ərazidəki eyni dildə danışan xalqın, böyük gücə çevrilmiş türk tayfa birliklərinin adını daşımışdır.

Bütöv Azərbaycan ərazisi, o cümlədən Dağlıq Qarabağ torpağı da müxtəlif tarixi dövrlərdə kassi, şu, türükkü, sak, bulqar, kambis, sarmat, kəngər, bus, maq, şirak, zəngi, lupen, sod, basil, hun, xəzər, kol, udin kimi qədim türklərin ana yurdlarından biri olmuşdur. İstər antik müəlliflərin, istərsə tədqiqatçıların və ensiklopedik əsərlərin qədim tarixlə bağlı məlumatlarında bu qədim türk tayfalarının Qarabağ ərazisinin yerli sakinləri olduğu  göstərilir. Bunu Qarabağda Şu tayfalarının yaratdığı Şuşa şəhəri adı və bu ərazidə şirak, şu, bayat türk tayfalarının adını daşıyan Şırlan, Şuşulu, Zarıslı, Bayat kənd adları, Kol tayfa adını daşıyan Kəlbəcər rayonu ərazisindəki, şu, kol, türükkü, sak, şirak kimi türklərlə bağlı Şurtan, Kolatağ, Tirkeşəvənd kimi məntəqələr, eləcə də Xudavəng, Kənzəsər (Gəncəsər) məbəd adları da sübut edir. Biz Zəngilan rayonu ərazisində də bus, maq, gel, qazan, şirak, zəngi tayfa adları ilə bağlı Ağbiz, Muğanlı, Gilətağ, Qazançı, Şərikan, Zəngilan kimi xeyli məntəqə adlarının təkrarını görürük. Bununla bərabər, Laçın rayonu ərazisində sak, əyrək, çor, peçeneq, şu, türükkü, subi türkləri ilə bağlı Cağazur, Əyrik, Çorman, Piçənis, Sus, Türklər, Zeyvə və Xocalı rayonu ərazisində isə şu, budi, naxər tayfa adlarını daşıyan Suncinka, Badara, Naxçıvanlı, Şəlvə, Şuşakənd məntəqə adları ərazinin türk tayfaların yurd yerləri olduğunun birmənalı canlı sübutlarıdır. Biz eyni tarixi həqiqətləri Xocavənd ərazisindəki as, şirak, kaş, maq, qarqar və s. türk tayfa adlı Azıx, Kiş, Çiraquz, Güneyçartar, Xocavənd, Qarqar, Muğanlı, Sorisə kimi məntəqə adlarında da izləyirik.

Ümumilikdə Şuşa, Zəngilan, Laçın, Xocalı, Xocavənd, Ağdam, Ağdərə, Tərtər rayonları özlərində 718 kəndi birləşdirirdi ki, bu adlar o tay-bu tay Azərbaycan ərazilərində, eləcə də ümumtürk coğrafiyasında da təkrarlanmaqla, əsasən türk tayfalarının öz adları ilə adlandırdıqları məntəqə adlarıdır. Qalmış adlar isə bu tayfaların varislərinə məxsus qədim və müasir türk sözlərindən yaranmış adlardır. Bütün bunlar Qarabağ ərazisinin Azərbaycan torpağı olduğunu bir daha təsdiq edən tarixi faktlardır.

Biz tarixi qaynaqlara diqqət etdikdə qədim asər, şu, türükkü, kuti, sak və s. türklərinin, bir çox dövlətləri işğal edərək bu ərazilərdə də öz adlarını daşıyan şəhərlər saldığına təsadüf edirik. Təkcə onu qeyd edək ki, şu türkləri həm Dağlıq Qarabağda Şuşa (Zəkalı Şu) şəhərini, həm də m.ö. III minillikdə kassi türkləri ilə birgə yayıldığı Dəclə və Fərat çaylarının orta axarlarının şərqində Şuşa adda şəhər salmışlar ki, o dövrdə “müasir ermənilər” “friq, briq, erməni” adlarında hələ Balkan yarımadasında da tarix səhnəsində olmamışdılar. Qədim dövr hadisələrinə işıq salan “Ümumdünya tarixi” kitabındakı xəritədə də Şuşa şəhər adı m.ö. III minilliyə aid olaraq göstərilmişdir. Bu ərazilərdə şu türklərinə məxsus şəhər adı bizim qədim Qarabağın heç zaman erməni torpağı olmadığını bir daha sübut edir.

Bütün bunlara baxmayaraq, siyasi güclərə arxalanan, günümüzdə hələ 2 milyona çatmayan (burada qıpçaq, sarmat, udin türkləri də “erməni” kimi təqdim edilir) ermənilər özlərinə 3-4 minillik uydurma tarix düzəldirlər. Tarixi qaynaqlara diqqət etsək görərik ki, çar Rusiyasının məqsədli siyasəti ilə ermənilər 1820-ci illərdə kütləvi şəkildə Suriya, Livan, Türkiyə ərazilərindən Azərbaycana köçürülmüş, 1849-cu ildə rus çarı I Nikolayın əmri ilə Göyçə gölü ətrafındakı kəndlərdə məskunlaşdırılmış ərazi “erməni əyaləti” elan edilmişdir. Sovetlər dövründə isə torpaqlarımızın xeyli hissəsi zorla ermənilərə verilməklə, bu əyalət “Ermənistan Respublikası”na çevrilmişdir ki, Azərbaycana qarşı bu mürtəce siyasət I Pyotrun “Qafqazı xristianlaşdırmaq” vəsiyyətinin davamı idi. Azərbaycanın parçalanması, “Qarabağ”, “Naxçıvan” muxtariyyətlərinin yaranması kimi tarixi oyunlar, məhz bu siyasətlərdən ortalığa çıxmışdır. Bu dövr Azərbaycan tarixinin oğurlanması, “son dövrlər”ə çəkilməsi, “gəlmə tayfalar” kimi kitablara salınıb, Alban türk dövlətinin və tarixinin “erməniləşdirilməsi” kimi proseslər Azərbaycan ərazilərinə istiqamətlənmiş son 200 ilin siyasi oyunları olmuşdur.

Əsl adları “friq”, “briq” olan ermənilər m.ö. V-I yüzilliklərdə Balkanlarda soyğunçuluq, oğurluq və s. pis məişətlə yaşayan etnik qruplar olmaqla, skiflər tərəfindən qovulub hetlərin “Hayasa” əyalətinə sığınıb adlarını dəyişərək “hayasa” olmuş, oradan da qovularaq türk Ərmən yaylasına köçməklə bu ərazidə “erməni” adlanmışlar.

Ərazilərimizə zorla yerləşdirilən friq-“ermənilər” İslam dinini qəbul etdiyimiz üçün, xalqımızın Tanrıçılıq, Xuda dini ilə bağlı olan, İrəvan, Göyçə və digər ərazilərlə yanaşı, Qarabağ bölgələrindəki tarixi yazılı daşlar – “Bəngü taşlar” saxlanılan Vəng məbədləri, Xudavəng, Anabad, Kənzəsər, Vəng kəndində alban məbədi, Tunc dövrünə aid Şuşa kurqanı, Son Tunc - İlk Dəmir dövrünə aid Şuşa, Şuşakənd daş qutu nekropolu kimi 150-dən yuxarı məbədə sahiblənməklə özlərinə “tarix” yaratmışlar. Ermənilər xristianlara sığınaraq təkcə Qarabağ ərazisində eramızın II-V əsrlərinə aid olan Tanrıçılıq dini ilə bağlı alban türklərinin 25 məbədinə də sahiblənmişlər. Halbuki o dövrdə onlar Balkanlardan qovularaq hələ hetlərin Hayasa əyalətinə yeni köçmüş friq, briq adında etnik qruplar idi və Azərbaycan ərazisində məskunlaşmamışdılar. Bu tarixi faktlar müxtəlif dillərdə yazılmış yüzlərlə Şərq tarixinə dair ensiklopedik əsərlərdə də yer alır.

Bütün bu xristian və digər əcnəbi mənbələrindəki tarixi faktlara, heç bir türk mənbələrinə istinad etmədən biz yalnız Strabon, Ptolomey, Pliniy və başqalarının yazılarında Qarabağ ərazisində kassi, şu, türükkü, bulqar, kambis, çov, sarmat, kəngər, bus, maq, şirak, zəngi, lupen, sod, basil, sak, hun, xəzər, kol, udin tayfalarının məskun olduğunu görürük. Bu mənbələrdə biz nə friq, briq, nə də erməni tayfa adına rast gəlmirik.

Herodot “Tarix” əsərində qeyd edir ki, frakiyalılar-friqlər (briqlər) Balkan yarımadasında yaşayan etnik qruplardan biridir. Onlar Frakiya dilinə uyğun danışırlar. O, friq-briqlərin Kiçik Asiyaya – indiki Türkiyə ərazilərinə m.ö. II yüzillikdə Frakiyadan köçdüklərini, dillərinin Hind-Avropa dilinə aid olmaqla, fraksiyalılara qohum dil olduğunu göstərir. Burada Frakiya Şimal Yunanıstanın kiçik bir əyaləti kimi Skif və Makedoniyanın sərhədində göstərilir. İstər Lidiya çarı Aliatta, istərsə də fars çarı I Daranın oğlu Qistasb dövründə friq-ermənilər onların əsarəti altında olmuşlar. Əgər diqqət etsək, burada hadisələr m.ö. VI əsrin sonu III əsrin əvvəlləridir ki, Frakiya və friq-briqlər əsarət altında olan etnik qruplardır. “Ümumdünya tarixi” də Frakiya ərazilərinin indiki bolqarların kiçik bir hissəsi olduğunu, friqlərin Qalis çayından qərbdə Sanqariya çayı ətrafında Frakiyada yerləşdiklərini göstərir. Burada Kimmer skiflərin hücumu ilə friqlər-briqlər m.ö. II əsrdə Balkan yarımadasının cənubuna köçür, sonra isə bu yüzillikdə Frakiya Lisimaxın, Vaviloniyanın hakimiyyəti altına düşürlər. Deməli, “ermənilər” hələ m.ö. II yüzillikdə balkanlarda yaşayırdılar və hələ “hayas”, “erməni” deyildilər.

Özlərini “qədim xalq”, Qafqazda “yerli tayfalar” kimi göstərən friq-briqlər miladımızın ilk yüzilliyinə qədər nə hazırkı Kiçik Asiya – Türkiyə ərazilərində, nə Qafqazda, o dövr Ön Asiya-Azərbaycan ərazilərində olmamışlar.

Bütün bu tarixi faktlar “friq ermənilərin” Azərbaycan, onun tərkib hissəsi olan Qarabağ və hazırkı “Ermənistan əraziləri”ndə eramızın I minilliyinin V yüzilliklərinə qədər heç mədəniyyətə sahib olmadığını tam sübut edir. Onlar siyasi oyunlar əsasında Qafqazı xristianlaşdırmaq cəhdi ilə ərazilərimizə köçkün, gəlmə tayfalar olmuş, bu ərazi mədəniyyətləri ilə onların heç bir bağlılığı olmamışdır. Dünya dövlətlərinə “erməni mədəniyyəti nümunələri” kimi təqdim etdikləri isə Azərbaycan tarixi və mədəniyyətindən oğurlanmış qədim türk tarixi və mədəniyyətindən özgə bir mədəniyyət deyil.

Firudin RZAYEV
AMEA Naxçıvan Bölməsi, filologiya üzrə fəlsəfə doktoru, dosent