Keçəçilik sənətinin ölkəmizdə yaşadılması və bədii səviyyədə təqdim edilməsində xüsusi xidmətləri olan tanınmış rəssam Rauf Əbdülhüseynoğlu aprelin 14-də, 64 yaşında vəfat edib.

Rauf Əbdülhüseyn oğlu İsmayılov 28 iyun 1957-ci ildə Mingəçevir şəhərində anadan olub. 1974-1976-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda oxuyub.  1986-cı ildə Muxina adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq İnstitutunun hazırlıq şöbəsini bitirib, 1986-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rəssamlıq fakültəsində təhsil alıb.

Keçə sənətini təkbaşına öyrənib, 1979-cu ildə bu sənətdə ilk əl işini yaradılıb. Ötən müddətdə keçədən 150-dək əl işi ərsəyə gətirib. Ölkəmizdə, eləcə də ABŞ-da, Moldovada, Finlandiyada sərgiləri keçirilib.

Rəssamın “Ana məhəbbəti”, “Hünər meydanı”, “Fəryad”, “Gəl, rəqs edək”, “Gecə görüntüləri”, “Qurtuluş”, “Karvan”, “Məhəbbət sorağında”, “Tənha ağac”, “Qarabağ təranələri” və s. əsərləri yüksək sənət duyumu ilə yanaşı, gərgin zəhmətinin məhsuludur.

Qırx ildən artıq keçəçiliklə məşğul olan sənətkarın 2006-cı ildə Bakıda “Həyatın bir anı”, 2009-cu ildə “Ulu sənət”, 2010-cu ildə “Ulu xalq – ulu sənət” adlı fərdi sərgiləri təşkil olunub.

Rauf Əbdülhüseynoğlu 2002-ci ildə “Humay” milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Soltan Məhəmməd adına xüsusi mükafatına layiq görülüb.

Rəssamın əsərləri ABŞ, İsveç, Türkiyə, İran, Niderland, Britaniyada muzeylərdə və şəxsi kolleksiyalada saxlanılır. Bir neçə əsəri Mədəniyyət Nazirliyi tərəfindən alınaraq muzey sərvəti kimi qorunur.

Allah rəhmət eləsin.