Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin iştirakı ilə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli açılış nitqində əlamətdar günün əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkəmizdə də geniş qeyd olunan bu  gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Vurğulanıb ki, builki Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü bizim üçün həm də 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad olunmasından, bu torpaqlardakı mədəni irsin öz həqiqi sahiblərinə qaytarılmasından sonra qeyd etdiyimizə görə əlamətdardır.

Azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin monitorinqindən danışan A.Cəfərli bildirib ki, indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinə baxış keçirilib: “Baxış zamanı onlardan 41-nin tamamilə məhv edildiyi, digər abidələrin müxtəlif vandalizm aktlarına məruz qaldığı müəyyən edilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb. Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilə olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib. Həmçinin aparılan ilkin monitorinqlər zamanı 695 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 360-ı kitabxana, 283-ü mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur”.

Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunda təmsil olunur, eləcə də Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi qrupuna rəhbərlik edir. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin rəhbərlik etdiyi Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi qrupunun məqsədi işğaldan azad olunmuş ərazilərdə mədəni sərvətlərin qeydə alınması, bərpası, qorunması və istifadəsi sahəsində genişmiqyaslı, çoxşaxəli və əlaqələndirilmiş fəaliyyəti təmin etməkdir. “Əminik ki, qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələri də bərpa-konservasiya olunaraq xalqımızın mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işinə layiqli töhfə olacaq”, - deyə A.Cəfərli bildirib.

Videokonfransda çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, AZMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Qafar Cəbiyev, “Abidələrin Müdafiəsi Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova çıxışlarında Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətini vurğulayıblar. Mədəni irs nümunələrinin qorunması, ölkəmizdə və beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan addımlardan danışan natiqlər işğaldan azad olunmuş ərazilərdə Azıx və Tağlar mağara düşərgələri, Leylatəpə, Üzərliktəpə və Çalağantəpə yaşayış yerləri, Xudafərin körpüləri, Şuşa Tarix-Memarlıq Qoruğu, Qutlu Musa oğlu türbəsi və s. abidələrimizin tarixi-mədəni əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, işğal dövründə düşmən tərəfindən abidələrimizə qarşı qəsdən vandallıq nümayiş etdirilib, bir sıra tarix yadigarları mənimsənilib.

Videokonfransı yüksək qiymətləndirən natiqlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun doğma torpaqlarımızı azad etməsinin bu əlamətdar günün vacibliyini bir daha ön plana çıxardığını deyiblər.

Dövlət Xidmətinin rəisi sonda bir daha Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təbriklərini çatdırıb, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.