Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə muzeyin əməkdaşı Leyla Əliyeva çıxış edərək Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Prezidentinin sərəncamı barədə məlumat verib, sənətkarın həyat və yaradıcılığından söz açıb.

Sonra professor Mahmud Kamaloğlu Aşıq Ələsgərin Azərbaycan aşıq məktəbinin zənginləşdirilməsi və inkişafında böyük xidmətlərindən danışıb. O, söz ustadının Borçalı mahalına səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında deyib ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizə həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Diqqətə çatdırılıb ki, sənətkarın 150 illiyi ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmiş, yubiley münasibətilə azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, Aşıq Ələsgər irsinin tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Tədbirdə iştirak edən Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Əli Oğuzhan Yüksəl bildirib ki, aşıq sənəti türk mədəniyyətinin ortaq dəyəridir. Bu cür tədbirlər ortaq mədəniyyətimizin inkişafında mühüm əhəmiyyət kəsb edir. O, qədim saz-söz ənənələrinin Gürcüstanda bu gün də yaşadılmasından böyük fərəh duyduğunu vurğulayıb.

Mərasimdə söz ustadının həyat və yaradıcılığından bəhs olunub, əsərlərindən parçalar ifa edilib.

Aşıq Nargilə Mehdiyevanın rəhbərlik etdiyi “Meydan” qrupu və yerli aşıqlar Şahbaz Göycəoğlu, Samir Qaraxanov, Əfqan Şamilov Aşıq Ələsgərin şeirlərini səsləndiriblər. Gürcüstanın 2018-ci ildə “Eurovision” mahnı müsabiqəsində təmsilçisi Mixail Cavaxişvili və “İaloni” qadın ansamblının birgə ifasında təqdim olunan kompozisiya – “Balaca oğlan itirmişəm” məşhur gürcü folklor nəğməsinə Aşıq Ələsgərin “Çərşənbə günündə çeşmə başında” şeirindən parçanın daxil edilməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.