Mayın 28-dən 30-dək Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetinin Yaxın Şərq və Mərkəzi Asiya-Qafqaz ölkələri üzrə Tədqiqat Mərkəzinin təşəbbüsü ilə Avrasiya İpəkyolu Universitetlərinin toplantısı keçirilib.
   
   Tədbirdə iştirak etmiş Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun verdiyi məlumata görə, toplantıya Avropa və Asiyanın 20 ölkəsinin ali məktəblərinin 100-dək rəhbər işçisi qatılıb: «Türkiyə Atatürk Mərkəzinin prezidenti Hikmət Koçak, Pakistan Ali Təhsil Komissiyasının nümayəndəsi Muxtar Əhməd, Qafqaz Universitetinin (Bakı) rektoru Əhməd Saniç, Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru Əhməd Fariz İsmayıl, İraqın Mosul Universitetinin dekanı Fuad Qasım Məhəmməd və mən məruzə ilə çıxış etdik. Ali təhsil üzrə yeni yanaşmalar və əməkdaşlıq mövzusu geniş müzakirə obyekti oldu».
   C.Cəfərov Böyük İpək Yolunun ölkəmizin ərazisindən keçməsi, ATİ-nin təhsil və təlim sahəsində xarici ölkələrlə əlaqələri barədə konfrans iştirakçılarına məlumat verib. Tədbirin sonunda isə ATİ-nin rektoruna konfransdakı fəal iştirakına və maraqlı təkliflərlə çıxışına görə xüsusi mükafat təqdim edilib.
   Həmsöhbətimiz səfər əsnasında Qars, Ərdahan və İstanbul universitetlərinin rəhbərləri ilə fikir mübadiləsi apardığını, həmçinin iyunun 1-3-də İstanbulda Türkiyə turizm sənayesinin rəhbər işçiləri ilə görüşlər keçirdiyini bildirdi.

   Fəxriyyə