Prezident İlham Əliyev aprelin 19-da Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, 2007-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında yeni qurum –  “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılacaq. QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquq və öhdəlikləri, habelə əmlakı yeni yaradılan agentliyə keçəcək.

Fərmanla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi də təsdiqlənib. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək. Şuranın 8 (səkkiz) üzvü qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, digər 3 (üç) üzvü isə dövlət orqanlarının nümayəndələrindən 4 (dörd) il müddətinə təyin edilir. Şuranın sədri və onun müavini Şura üzvləri sırasından 2 (iki) il müddətinə seçilir. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icraçı direktor həyata keçirəcək.