Prezident İlham Əliyev aprelin 19-da “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi yerlərdə dayanıqlı inkişafın əsas prioritetlərindəndir.

Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir. Qeyd edilən texnologiyaların bir-biri ilə inteqrasiya olunmuş formada istifadəsi ilə qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli və keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır.

Sərəncama əsasən, Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin rəhbərlik edəcəyi İşçi qrupda aidiyyəti dövlət qurumları təmsil olunacaq.

İşçi qrupa konsepsiyanın layihəsi hazırlanarkən aidiyyəti dövlət orqanları (qurumları), elmi müəssisələr (təşkilatlar) və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı təmin etmək tapşırılıb.

Qeyd edək ki, ölkəmizdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının pilot layihə olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında tətbiqi də nəzərdə tutulur.