Şuşaya yeni elektrik xəttinin çəkilişi başa çatıb

Prezident İlham Əliyev aprelin 19-da Bakının Suraxanı, Sabunçu və Xəzər rayonlarının elektrik enerjisi təchizatında mühüm rol oynayacaq  “Hövsan” və “Maştağa” yarımstansiyalarının yenidən qurulmasının açılışını edib.

Dövlət başçısı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Baba Rzayevdən işğaldan azad olunmuş bölgələrimizdə elektrik təchizatı ilə bağlı işlərin necə getdiyini də soruşub.

Baba Rzayev görülən işlər barədə məlumat verərək bildirib ki, Şuşaya yeni elektrik xəttinin çəkilişi başa çatıb və açılışa hazırdır. Həmçinin Füzuli rayonunda (Şükürbəyli) yarımstansiyanın inşası davam edir, Suqovuşanda (Tərtər rayonu) su elektrik stansiyalarının bərpası başa çatıb.

Baba Rzayev: Şükürbəyli də hazırdır, Şuşa da hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq.

Prezident İlham Əliyev: Bəs, ermənilərin dağıtdıqları o su elektrik stansiyalarının vəziyyəti necədir? İşlər gedir orada?

Baba Rzayev: Cənab Prezident, “Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir.

Prezident İlham Əliyev: Bəs, Kəlbəcər rayonunda?

Baba Rzayev: Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir.

Prezident İlham Əliyev: İndi hava şəraiti yaxşılaşıb. Yəqin ki, may ayından oraya getmək daha asan olacaq.

Baba Rzayev: Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik.

Prezident İlham Əliyev: Bəs, orada, azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin elektrik təchizatı normaldır?

Baba Rzayev: Hər yerə verilib.

Prezident İlham Əliyev: Şuşada da heç bir problem yoxdur.