“Münaqişənin dramatik nəticələrinin tezliklə aradan qaldırılmasının tərəfdarıyıq”

Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri 2020-ci ilin sonlarında azad edildikdən sonra həll olunmamış təhlükəli məsələ genişmiqyaslı humanitar fəlakət vəd edir və gələcək ikitərəfli əməkdaşlığın formalaşmasına ciddi mane olur.

Beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan minaladığı ərazilərin xəritələrini təhvil verməkdən imtina edir və bu, bir milyona yaxın məcburi köçkünün öz daimi yaşayış yerlərinə qayıtmasına, xarabalığa çevrilmiş ərazilərin bərpasının başlanmasına imkan vermir.

Bütün bunları nəzərə alaraq, insan haqları problemi və Avropa Şurasının üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi xəttinə birbaşa aidiyyəti olan həmin məsələnin ən qısa zamanda həlli üçün hansı effektiv təsir mexanizmlərindən istifadə edə bilərsiniz?

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov bu sualla Avropa Şurası Nazirlər Komitəsinə müraciət edib.

Sual və onun cavabı ingilis və fransız dillərində qurumun üzvləri arasında yayılıb.

“Nazirlər Komitəsi 47 üzv ölkədən olan deputatların qaldırdığı məsələlərin həllinə səlahiyyətləri çərçivəsində kömək göstərməyə çalışır. Lakin münaqişənin tənzimlənməsi ilə bağlı məsələlər bilavasitə (ATƏT) Minsk qrupu ilə bağlıdır”, - deyə AŞ Nazirlər Komitəsinin cavabında bildirilib.

Vurğulanıb ki, Nazirlər Komitəsi bölgədəki ərazilərin minalardan təmizlənməsi üçün zəruri məlumatların təqdim edilməsi tələbi də daxil olmaqla, münaqişənin bütün dramatik nəticələrinin tezliklə aradan qaldırılmasının tərəfdarıdır.

Qeyd edək ki, aprelin 19-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası işə başlayıb. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistanın Azərbaycan torpaqlarında otuz ilə yaxın davam etmiş və 2020-ci ilin 44 günlük müharibəsində son qoyulmuş işğalçılığının nəticələri, o cümlədən minalanmış ərazilər problemini diqqətə çatdırırlar.