Fransanın “Le Monde” nəşrində Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa işləri, Qarabağda müharibə bitdikdən sonra Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafı barədə məqalə dərc olunub.

Məqalədə Azərbaycanla Ermənistan arasındakı müharibənin rəsmi Parislə Bakı arasındakı ikitərəfli münasibətlərdə soyuqluq yaratdığı bildirilir. Qeyd olunur ki, müharibə zamanı Türkiyə Azərbaycana böyük dəstək verdi, rəsmi Paris isə Yerevanın tərəfini tutdu. Bu gün Fransanın aparıcı şirkətləri Qarabağdakı quruculuq  layihələrindən kənarda qalmaqdan ehtiyat edirlər. Bir sıra şirkətlərin rəhbərləri mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Vurğulanır ki, rəsmi Paris Cənubi Qafqazdakı mövqeyini sakitcə balanslaşdırmağa çalışır və bu məqsədlə fevralda dövlət katibini Azərbaycana göndərib.

Məqalədə bir neçə fransız deputatın öz təşəbbüsləri ilə Azərbaycana səfərindən də söz açılıb. Bildirilib ki, səfərdən sonra həmin deputatlar Milli Assambleya və Senatda beynəlxalq hüquqa zidd olaraq qəbul edilmiş, heç bir hüquqi əsası olmayan qətnamələrdən sonra bu iki ölkə arasında münasibətlərin bərpa edilməsinin zəruriliyini vurğulayıblar.

Yazıda bildirilir ki, Fransa erməniləri dəstəklədiyi üçün Azərbaycan xalqı da fransız şirkətlərinin ölkədəki böyük layihələrdə iştirakını qəbul etməz.