İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO) ilə Azərbaycan Respublikasının təşkilat üzrə Milli Komissiyası arasında elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq çərçivəsində yaxın müddətdə həyata keçiriləcək proqram və fəaliyyətlərin müzakirəsi məqsədilə virtual görüş keçirilib.

Görüşdə İCESCO-nun Elm və texnologiya bölməsinin rəhbəri Rahil Qəmər, bölmənin məsləhətçisi Məhəmməd Şərif və bölmənin eksperti Fued əl-Ayni, Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə və komissiyanın üzvü Leyla Tağızadə iştirak ediblər.

Görüş zamanı kiçik alət və cihazların, tibbi və bioloji təchizat vasitələrinin və müasir diaqnostika cihazlarının hazırlanması və dizayn edilməsinin öyrənilməsi məqsədilə İCESCO tərəfindən Bakı şəhərində keçirilməsi təklif olunan mühəndislik sahəsində təlimlərin təşkili ilə əlaqədar müzakirələr aparılıb.

Bu xüsusda 2021-ci ilin iyul ayında gənclər üçün texnologiya və innovasiya sahələrində kiçik bizneslərin qurulması və inkişaf etdirilməsi ilə bağlı üçgünlük təlim proqramının həyata keçirilməsi təklifi müzakirə olunub.

Təlim proqramı, həmçinin iştirakçıların öz layihələrini reallaşdırması məqsədilə altı həftəlik sürətləndirilmiş kursu əhatə edəcək. Proqram Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin əməkdaşlığı ilə həyata keçiriləcək. Sonrakı mərhələdə proqramın daha 10 ölkədə həyata keçirilməsi nəzərdə tutulub.

Görüşdə cari ilin iyun ayında İCESCO-nun Elm və texnologiya bölməsi tərəfindən Mərakeşin Ağadir şəhərində “Dayanıqlı və ağıllı şəhərlər” mövzusunda keçiriləcək simpoziumla bağlı fikir mübadiləsi də aparılıb.